“Qəbələ” sentyabrın 25-də “Qəbələ” heyətini köhnə-yeni futbolçu ilə gücləndirdi. “Qırmızı-qaralar” Rafael Utziqlə 2026/27 mövsümünün sonuna qədər müqavilə imzaladı.
30 yaşlı braziliyalı futbolçu daha əvvəl də “Qəbələ”nin formasını geyib. 2020-23-cü illərdə bu komandanın heyətində 94 oyuna çıxan Utziq 18 qol vurub. Daha sonra “Zirə”də çıxış edən braziliyalı ötən yay icarə əsasında Vyetnama yollanıb. O, sonuncu dəfə “Ho Çi Minh Siti”nin formasını geyib. İndi isə yenidən “Qəbələ”yə qayıdıb.
Bəs 30 yaşlı vingerin transferi “qırmızı-qaralar” üçün nə dərəcədə zəruri idi? “Football-plus.az” yarımmüdafiəçinin son mövsümdəki göstəricilərini təqdim edir. Ötən mövsüm Vyetnam elitasında çıxış edən “Ho Çi Minh Siti”nin formasını 25 matçdan 21-də geyən futbolçu 16 oyuna start heyətində başlayıb. Cəmi 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Ölkə kubokunda çıxdığı 2 matçda isə 2 qol, 1 məhsuldar ötürmə müəllifi olub. Hazırda futbolçunun “Transfermarkt” dəyəri 700 min avrodu. “Qəbələ”nin heyətində sol cinah vingeri mövqeyində Bruno Silva və Ziya Şəkərxanov da çıxış edir. Bu keçidi hədəfi elitada qalmaq olan klub üçün uğurlu saymaq olar.
İSRAYIL XEYRULLAYEV
21 oyun, 1 qol – Utziq Vyetnamdan Qəbələyə əliboş gəlib
Ölkə futbolu





