İsrailə qarşı oynamaq istəmədi! - ''O bölgədəki zülmü qabartmaq üçün...''

27.09.2026 11:33 153
Dünya futbolu
Bu gün Millətlər Liqasında İrlandiya İsrailin qonağı olacaq. Görüş Macarıstanın Debretsen şəhərində keçiriləcək.

Bu arada İrlandiya cəbhəsində İsrailə qarşı meydana çıxmaq istəməyən futbolçunun kimliyi bəlli olub. İrlandiya Futbol Assosiasiyasının baş direktoru Devid Kourell bir futbolçunun oynamaq istəmədiyini etiraf etmişdi. Həmin futbolçu Qevin Bazunu imiş.

Karyerasını ''Bolton''da davam etdirən 24 yaşlı qapıçı bu barədə öz səhifəsində paylaşım edərək bunları yazıb:

"Ölkəmi təmsil etmək mənim üçün hər şey deməkdi. Komanda yoldaşlarıma, məşqçilər korpusuna, İrlandiya xalqına son dərəcə hörmətim var. Ancaq mənə heç də asanlıqla başa gəlməyən bir qərar qəbul etdim. Güclü bir inanca və öz prinsiplərinə sadiq insanam. Ona görə də İsrailə qarşı oyunlarda meydana çıxmağımın yanlış olacağını düşünürəm. Bu addımım İsrail xalqına və ya yəhudi toplumuna qarşı deyil. Sırf məsum insanların öldürülməsinin yanlış olduğunu düşündüyüm üçün bu qərarı vermişəm. Sadəcə o bölgədəki zülmü qabartmaq üçün bu addımı atıram. Həyatda hər hansı bir böyük iş naminə güclü duruş sərgiləmək fürsəti hər zaman ələ düşmür. Bu məhz həmin fürsətlərdən biridi''.

Daha öncə İrlandiyanın baş məşqçisi Heymir Halqrimsson İsrail ilə oyun haqda danışarkən ''biz soyqırımla oynamırıq, soyqırıma qarşı oynayırıq'' ifadəsini işlətməklə diqqət çəkmişdi. Onun ''soyqırım'' ifadəsini işlətməsi İsrail Futbol Federasiyası tərəfindən çox sərt qarşılanmışdı.