Superliqada istefaların sayı dördə çatdı

26.09.2026 16:40 198
Dünya futbolu
Türkiyə çempionatında məşqçi istefaları baxımından mövsüm bir qədər sakit başlasa da, yavaş-yavaş fırtına qopmağa başlayır.

Daha öncə Fatih Təkkə “Trabzonspor”dan, Mirel Radoy “Qaziantep”dən ayrılmışdısa, artıq istefaların sayı 4-ə çatıb! Belə ki, “Eyüpspor”da Özhan Pulat, “Çorum”da Uğur Uçar dönəmi başa çatıb. Pulatın “Eyüpspor”dan ayrılmasını sürpriz saymaq olmaz. Baxmayaraq ki, 41 yaşlı mütəxəssis bu vəzifəyə bu yay gəlmişdi. Mövsümə çox bərbad start verən İstanbul təmsilçisi “Fənərbaxça”dan 8 cavabsız qol buraxmaqla tam bir fiaskoya uğradı.

Pulat oyunsonrası mətbuat konfransında istefasını açıqlamasa da, paltardəyişmə otağında futbolçularla vidalaşdı və daha sonra istefasını rəhbərliyə bildirdi. Rəhbərlik də onun istefasını qəbul etdi. 6 turdan sonra ən az qol vuran və ən çox qol buraxan komanda statusunda olan “Eyüpspor” 3 xalla sonuncu pillədə qərarlaşıb.

Uğur Uçarın ayrılığını isə sürpriz saymaq olar. Hər halda, son turda evdə “Alanyaspor”a uduzmasına baxmayaraq, 6 tura 7 xal toplayan və 11-ci pillədə qərarlaşan bu komandanın durumu qənaətbəxşdi. Özü də nəzərə alaq ki, “Çorum” tarixində ilk dəfə elitaya vəsiqə qazandığına görə məhz bu məşqçiyə minnətdar olmalıdı. 39 yaşlı Uçar komandanı fevralda 1-ci liqada 6-cı pillədə qəbul etmişdi. “Çorum” sonda ilk “2-liy”ə düşə bilməsə də, 4-cü pilləni tutaraq pley-offda oynamaq haqqı qazandı. Burda isə “Keçiörəngücü”, “Bodrum” və “Erokspor” səddini dəf edərək elitaya vəsiqə qazandı. Üstəlik “Çorum” mövsümə səfərdə son çempion “Qalatasaray”dan xal almaqla başladı (2:2). Amma bu nəticələr Uçarla işbirliyini davam etdirmək üçün yetərli olmadı.

Görünür, “Çorum” rəhbərliyi nəticələrini digər debütant “Amed SF” ilə müqayisə edir. Diyarbəkir təmsilçisi, bilindiyi kimi, böyük sürprizə imza ataraq yığma fasiləsinə lider kimi yollanıb.

“Bein Sports”un məlumatına görə “Çorum” dərhal Abdulla Avcıya təklif irəli sürüb. 2 ildən çoxdu işsiz olan təcrübəli mütəxəssis düşünmək üçün vaxt istəyib.