Türkiyəli məşqçi Bolqarıstana yollanıb sabiq klubuna rəqib ola bilər

26.09.2026 13:42 63
Dünya futbolu
2024-ün avqustundan, yəni ''Trabzonspor''dan ayrıldıqdan bu yana işsiz olan Abdulla Avcı ilə bağlı yeni iddia ortaya atılıb.

Belə ki, təcrübəli mütəxəssis Bolqarıstan təmsilçisi Sofiya ÇSKA-sının başına keçməyə namizədlərdən biridi. Bu xəbəri Bolqarıstanın ''Matç Teleqraf'' nəşri yayıb. Bu günlərdə Xristo Yanevlə yollarını ayıran Sofiya klubu hazırda məşqçi axtarışındadı. Daha öncə Türkiyə yığmasını da çalışdırmış 63 yaşlı Avcı ÇSKA ilə anlaşacağı təqdirdə karyerasında ilk dəfə vətənindən kənarda işləyəcək.

Avcı bu iki il ərzində dəfələrlə təkliflər alsa da, hamısından imtina edib. Elə ən son superliqanın debütantı ''Çorum'' da Uğur Uçar ilə yollarını ayırdıqdan sonra Avcıya təklif irəli sürdü. Amma bu məşqçi təklifi geri çevirincə debütant Burak Yılmaz ilə anlaşdı.

Maraqlıdı ki, Avcı bolqarlarla anlaşacağı təqdirdə məşqçi karyerasının ən böyük uğurunu qazanaraq çempion etdiyi ''Trabzonspor''a rəqib ola bilər. ÇSKA ilə ''Trabzonspor'' noyabrda Konfrans Liqası çərçivəsində qarşılaşacaq.