Türkiyəli məşqçi Misir nəhənginin başına keçə bilər

23.09.2025 14:53 22
Dünya futbolu
Son olaraq ''Trabzonspor''u çalışdıran və təxminən 1 ilə yaxındı, işsiz olan Abdulla Avcı ilə bağlı sürpriz bir iddia ortaya atılıb.

Belə ki, təcrübəli mütəxəssis Misir təmsilçisi ''Əl-Əhli''nin başına keçməyə əsas namizədlərdən biridi. Qahirə klubu bu yaxınlarda uğursuz nəticələrə görə baş məşqçi Xose Riveyro ilə yollarını ayırıb. İspaniyalı mütəxəssis bu vəzifəyə iyunda gətirilmişdi. Komanda onun başçılığı altında Klublararası Dünya Çempionatında qrupda 3 oyuna 2 xal toplayaraq pley-offa yüksələ bilməmişdi. Çempionata isə ''Əl-Əhli'' ilk 4 turda yalnız 5 xal toplamaqla start verincə, Riveyro ilə yollar ayrıldı. Son çempion statusunda olan ''Əl-Əhli'' ilk 6 tura topladığı 9 xalla hazırda 11-ci pillədə qərarlaşıb.

Misir mətbuatının yazdığına inansaq, Avcı klubun başına keçməyə 3 namizəddən biridi. Digər namizədlər portuqaliyalı Rui Vitoriya ilə argentinalı Ramon Diasdı. Bu həftə qərarını vermək istəyən ''Əl-Əhli'' rəhbərliyi Avcı ilə əlaqə saxlayaraq onun oyun sistemi və planları ilə tanış olub. Avcının başçılığı altında ''Trabzonspor''da çıxış etmiş tanınmış misirli futbolçu Mahmud Trezeqe də hazırda ''Əl-Əhli''də forma geyir. 62 yaşlı Avcı məşqçi karyerasında əsas uğurlarını məhz ''Trabzonspor''la qazanıb. O, 2022-ci ildə trabzonluların 38 illik çempionluq həsrətinə son qoymuşdu. Eləcə də bu klubla iki dəfə ölkə superkubokunu qalibi olub.

Avcının təyinatı baş tutsa, o, karyerasında ilk dəfə xaricdə çalışacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul