"Football-plus.az" xəbər verir ki, ünlü forvard “Real” üçün uğursuz keçən Madrid derbisi, Zinəddin Zidanın yığmanın “sükanı arxasına” keçməsi, eləcə də “Qızıl top”un ötənilki sahibi Mussa Dembele haqda dediyi sözlərin ardından onların münasibətləri haqda danışıb.
Mbappe daha öncə bildirmişdi ki, Dembeleyə yeniyetmə vaxtlarında hamı, sadəcə, istedadlı futbolçu kimi baxırdı. Onun özünü isə hamı xüsusi futbolçu kimi qəbul edirdi. Yəni Mbappe bu sözləri ilə üstüörtülü şəkildə özünün “Qızıl top”a Dembeledən daha çox layiq olduğuna işarə vurmuşdu.
27 yaşlı futbolçu yeni açıqlamasında bunları deyib:
“Derbi bizim üçün geriyə atılmış bir addım oldu. Bu nəticə ilə barışmaq çətindi. Meydana qələbə üçün çıxmışdıq və bizi necə bir oyunun gözlədiyini bilirdik. Ancaq həvəsdən düşməməliyik. Komanda meydanda var gücünü qoydu. Mövsümün böyük hissəsi hələ irəlidədi. Derbidəki hakimlik? Ümumiyyətlə, hakim haqda çox danışan futbolçulardan olduğumu düşünmürəm. Elə indi də bu haqda danışmaq niyyətim yoxdu. Təbii ki, bu mövzuda öz fikirlərim var. Amma onları özümdə saxlamaq istəyirəm. Hakim də insandı və səhvə yol verə bilər. Xırdalıqlara varmaq istəmirəm. Danışmaqdansa, üzərimizdə işləməkdə davam etməliyik. Yalnız bu cür “Real”a qələbələri və titulları qaytara bilərik. Fransa yığmasında yeni dönəm başlayır. Qarşıda bizi Millətlər Liqasında 4 oyun gözləyir. Zinəddin Zidanla bu oyunların necə keçəcəyini hər birimiz görəcəyik. Uzun illərdi biz yalnız Didye Deşamın başçılığı altında oynamışdıq. İnanıram ki, yeni dönəm uğurlu alınacaq. Məni uzun illər öncə - 13-14 yaşımda “Real”ın məşq bazasına ilk dəfə gətirən məhz Zidan olmuşdu. İndi isə o yığmada məşqçim olacaq. Sanki kino üçün bir ssenaridi. Aç-2028-ə hazırlaşmaq üçün iki ilimiz var. Bizi ilk növbədə məhz bu turnir maraqlandırır. “Qızıl top”? Düşünürəm ki, bu mövzuda artıq söyləmək istədiklərimin hamısını söyləmişəm. Bu haqda tez-tez danışmağım adamların xoşuna gəlmir. Amma vəziyyət belə gətirib ki, qısa müddətdə bu mövzuda tez-tez fikir bildirməli oldum. Mərasim ərəfəsində sakit və soyuqqanlıyam. Çünki əlimdən gələni etdiyimi bilirəm. İndi yalnız nəticələri gözləmək qalır. Dembele haqda dediyim sözlərdən sonra aramızda heç bir soyuqluq yaranmayıb. Onunla bu haqda söhbət etmişəm və Dembele mənim dostumdu. Bu mövzuda da çox sakitəm. Yığmanın oyunları gələndə insanlar həmişə müzakirə etmək üçün mövzu axtarır. Bu dəfə də onlar məhz bu mövzuya yönəliblər. Amma ortada heç bir problem yoxdu”.






