Debütantın bombardirinin transfer şərtləri açıqlandı

24.09.2026 10:00 27
Dünya futbolu
Türkiyə çempionatında mövsümün əvvəlinə damğa vuran klubun ''Amed SF'', futbolçunun isə bu kollektivin üzvü Gift Orban olduğunu desək, yanılmarıq.

Debütant ilk 6 turda hamını təəccübləndirərək ''İstanbul BŞ'', ''Trabzonspor'', ''Beşiktaş'' kimi iddialıları məğlub etdi və yığma fasiləsinə lider qismində yollandı. Orban isə 7 qolla Məhəmməd Salahla birlikdə bombardirlər yarışına başçılıq edir.

Bu arada diyarbəkirlilərin başqanı Nahit Ərən bu yay ''Hoffenhaym''dan birillik icarəyə götürülən nigeriyalı futbolçunun transfer şərtlərini açıqlayıb. O bildirib ki, almanlara 500 min avro icarə haqqı ödənilib. İllik maaşı 1 milyon avro olan Orbanın müqaviləsində məcburi transfer maddəsi də var. Bu maddə şərtə bağlıdı. Orban bütün turnirlərdə 10 qol vuracağı təqdirdə maddə qüvvəyə minəcək və ''Amed SF'' ''Hoffenhaym''a daha 3 milyon avro ödəyərək onu daimi əsasda transfer etməli olacaq.

Maraqlıdı ki, yayda Almaniya mətbuatında fərqli rəqəmlər qeyd olunmuşdu. Jurnalist Florian Pettenberq superliqanın debütantının 1 milyon avro icarə haqqı ödədiyini və məcburi transfer maddəsinin 4 milyon avroya bərabər olduğunu vurğulamışdı.

Qeyd edək ki, Avropada ilk dəfə ''Gent''in heyətində adından söz etdirən və 2023-də Konfrans Liqasında ''İstanbul BŞ''yə qarşı 3 dəqiqə ərzində het-trik etməklə rekord qıran bu istedadlı futbolçunun karyerası hələlik istənilən şəkildə keçmir. ''Gent''dən sonra o, 15 milyon avroya ''Lion''a, 9 milyon avroya ''Hoffenhaym''a transfer olunsa da, bu klublarda ümidləri doğrulda bilmədi. Onun Türkiyə karyerası hələlik uğurlu start götürüb.

Maraqlıdı ki, Orban Türkiyə çempionatında da başakşəhərlilərə qarşı het-trik etdi.