''Beşiktaş'' transferdə yenidən fəallaşıb.
İstanbul nəhəngi Ernest Pokunun transferi ilə bağlı ''Bayer-04'' ilə anlaşdığını rəsmən açıqlayıb. 22 yaşlı niderlandlı vinger dünən gecə saatlarında İstanbula gəlib. Poku məcburi transfer maddəsi ilə birlikdə birillik icarəyə götürülüb. Yəni onunla faktiki olaraq ''1+4'' illik müqavilə imzalanıb.
Məcburi transfer maddəsinin hansı şərtlərdə qüvvəyə minəcəyi ilə bağlı xəbər yoxdu. İcarə haqqının 3 milyon avro olduğu bildirilir. Gələn yay məcburi transfer baş tutacağı təqdirdə ''ağ-qaralar'' qarşı tərəfə daha 20 milyon avro ödəyəcəklər. Futbolçunun Türkiyədə illik maaşı isə 3 milyon avro təşkil edəcək.
İtaliya mətbuatının yazdığına inansaq, Poku əslində bənzər şərtlərlə ''Fiorentina'' ilə anlaşmışdı. Amma o son anda qərarını dəyişərək Türkiyədə oynamağa üstünlük verdi. ''Alkmaar''ın yetirməsi olan və peşəkar karyerasına bu klubda start verən Ernest Poku ötən yay 10 milyon avro qarşılığında ''Bayer-04''ə transfer olundu.
Əsl mövqeyi sağ vinger olan, amma solda və hücumun mərkəzində də oynamağı bacaran Poku Almaniyada keçirdiyi bir mövsüm ərzində iştirak etdiyi 45 rəsmi oyunda aktivinə 5 qol, 8 məhsuldar ötürmə yazıb.
''Beşiktaş'' niderlandlı vingeri transfer etdi
Dünya futbolu






