Almaniyalı Tomas Raysın debüt oyununda ''Qalatasaray''ı 4:0 yenməklə tarixi qələbə qazanan ''Trabzonspor''da məşqçilər korpusuna yeni bir isim qatılmaq üzrədi.
"Football-plus.az" xəbər verir ki, söhbət Jerom Boatenqdən gedir. Rəhbərlik Raysın istəyi ilə onun hemyerlisi ilə anlaşıb. Almaniya futbolunda kifayət qədər populyar simalardan olan Boatenqin həftəsonu Trabzona gələrək yeni işinə başlayacağı gözlənilir.
38 yaşlı Boatenq hələ ki, məşqçilik sahəsində adından söz etdirə bilməyib. Futbolçu kimi isə o, Almaniya ilə 2014-də dünya çempionluğunu, eləcə də 10 il şərəfini qoruduğu ''Bavariya''da 2 Çempionlar Liqası olmaqla mümkün olan hər şeyi qazanıb. Münhendən ayrıldıqdan sonra ''Lion'', ''Salernitana'' və LASK-da forma geyən Boatenq karyerasını ötən ilin avqustunda başa vurub.
Maraqlıdı ki, Boatenq vətənində sevilmir və ötən il ona ''Bavariya''da praktika keçməyə, məşqləri izləməyə icazə verilmədi. Çünki bu futbolçunun qadınlara qarşı zorakılıq etməsi faktı məhkəmə tərəfindən də təsdiqlənib. 2024-cü ildə yekunlaşan məhkəmənin qərarı ilə Boatenq öz uşaqlarının anası Şerin Zenlerə bilərəkdən xəsarət yetirdiyi üçün ona 1,8 milyon avro təzminat ödəmək məcburiyyətində qalmışdı. Ən əsası onun sabiq sevgilisi Kasiya Lenhardt 2021-ci ildə özünü öldürmüş və bu olay ölkədə geniş rezonans doğurmuşdu. Sonradan məlum olmuşdu ki, Boatenq bu xanıma da çox ciddi fiziki və psixoloji təzyiqlər göstərirmiş.
Bu hadisələrdən sonra Boatenq tək Almaniyada yox, getdiyi bütün ölkələrdə birmənalı qarşılanmır.
''Trabzonspor'' qadınlara qarşı zorakılığı ilə tanınan futbol adamı ilə anlaşdı!
Dünya futbolu





