"15 min azarkeş futboldan ləzzət almalıdı" - Azər Məmmədov

20.09.2026 22:32 234
Ölkə futbolu / Manşet
Misli premyer-liqasının 6-cı turunda “Kəpəz” “Sumqayıt”la doğma meydanda heç-heçə etdi - 1:1.

Matçdan sonra “sarı-göylər”in baş məşqçisi Azər Məmmədov mətbuat konfransı keçirdi.

- Oyun maraqlı keçdi. Azarkeşlərimizin oyunda ləzzət aldığını düşünürəm. Bu matçda qələbə qazanmaq istəyirdik. Bu xalda bizim üçün önəmlidi. Azarkeşlərimizə təşəkkür edirəm. Bizləri yaxşı şəkildə dəstəklədilər. Qeydə alınmayan qolda sonra futbolçularda psixoloji düşüş yarandı. Futbolçularımız geri dönüş edə bildi. Komandamdan çox razıyam. Üzərimizdə işləmək lazımdı.

- Sayılmayan qol barəsində fikirləriniz necədi?
- Epizodu təkrar izləyə bilməmişəm. Belə qərar verilibsə, yəqin düzgündü.

- “Kəpəz” doğma meydanda 4 oyunluq macəraya çıxdı. Bu nəticələri qənaətbəxş hesab etmək olarmı?
- Biz hər matç qələbə üçün meydana çıxırıq. Komanda demək olar ki, yenidən qurulub. Stabilliyi gətirmək üçün çalışırıq. 7 xal bizim üçün yaxşıdı.

- Qələbə qazanmaq üçün nə çatmadı?
- Komanda öz xarakterini göstərdi. Sonluğu gətirməkdə çətinlik çəkirik. Futbolçularımızda bir az təcrübə çatmır. Qələbə qazanmamağımıza yekun nöqtə təsir göstərdi.

- Mövsüm başlayandan yaxşı xal toplamısınız. Amma bəziləri bunu həzm etmir. Azər Məmmədova qarşı sosial şəbəkələrdə kiçik bir kampaniya var. Buna reaksiyanız necədi?
- Məqsədli şəkildə elə adamlar var. Komandanın uğurlarına sevinməlidilər. Futbolçuların dəstəyə ehtiyacı var.

- Milli fasilədən sonra nəyi dəyişməyi planlayırsız?
- Oyundan əvvəl futbolçulara dedim ki, 15 min azarkeş futboldan ləzzət almalıdı. Bizim borcumuzdu ki, həmin həzzi azarkeşə bəxş edək. Gəncədə olan azarkeşlər ölkəmizə rəng qatıb. Milli fasilədə daha da yaxşı hazırlaşıb burda yaxşı oyunlar keçirmək istəyirik.

- Rəqib baş məşqçi bildirdi ki, tribunada kimsə hakim fitinə bənzər fitdən istifadə edirdi. Bu haqda fikriniz necədi?
- Fit səsini məndə eşidirdim. Bu hal hər iki komandaya təsir edirdi. Bu halı mən də istəməzdim. 15 min azarkeşin içində onu da tapmaq çətindi.

ƏSƏD SEYİDOV