"Komandamız adından nəticəyə görə üzr istəyirəm" - Azər Məmmədov

5.09.2026 00:25 17
Ölkə futbolu / Premyer-liqa
“Kəpəz” ölkə çempionatının 4-cü turunda evdə “Şamaxı” önündə darmadağın oldu – 1:4. Meydan sahiblərinin baş məşqçisi Azər Məmmədov oyundan sonra mətbuat konfransı keçirdi.
- Möhtəşəm azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Məğlub olmağımıza baxmayaraq, sonadək bizi dəstəklədilər. Komandamız adından nəticəyə görə üzr istəyirəm, amma bu futboldu - qələbə də olur, məğlubiyyət də. Çempionat yeni başlayıb. Səhvlərimiz üzərində işləməli, daha da böyüməliyik. Etiraf edim ki, komanda yenidi və hələ ki sabitlik çatışmır. Başlanğıcda pis deyildik, lakin öz səhvlərimizdən buraxılan iki qoldan sonra komandanı toparlamaq çətin oldu. Birinci hissə “Şamaxı”nın üstünlüyü şəraitində keçdi. İkinci hissədə istədiyimiz oyunu müəyyən qədər göstərə bildik, qol da vurduq. Rəqibdən çıxan topun aut verilməsindən sonra qapımızda üçüncü qolu gördük. Bu, matçın dönüş nöqtəsi oldu və oyunçuları yenidən ayağa qaldırmaq çətinləşdi.
– Məğlubiyyətdə ötən həftə qazanılan qələbənin yaratdığı eyforiya rol oynadı, yoxsa rəqibə düzgün qiymət verilməmişdi?
– Eyforiyada olduğumuzu düşünmürəm, çünki bu məsələ ilə bağlı hər gün futbolçularla ünsiyyətdə olurdum. Sadəcə, birinci hissədə oyunumuz alınmadı. Böyükhesablı məğlubiyyət ağırdı, amma oyunçular da uduzmaq istəmirdilər.
– Start heyətində dəyişiklik edərək Rafael Məhərrəmliyə şans verdiz, lakin fasilədə onu Urfan Abbasovla əvəzlədiz. Bu qərar nədən qaynaqlanırdı?
– Taktiki dəyişiklik etdik. Rafaelin sürətindən və cəldliyindən istifadə edərək matça “bir nömrə” kimi başlamaq istəyirdik, lakin ilk hissədə hər şey istədiyimiz kimi alınmadığı üçün fasilədə belə dəyişiklik etməli olduq.
– “Kəpəz”in ev oyunlarını ardıcıl keçirməsi, növbəti matçların da doğma meydanda olacağı təşviş yaratmır?
– Tam haqlısız, rəqiblər səviyyəmizə yaxın komandalardı. Oyunçuların belə nəticədən sonra psixoloji cəhətdən tez bərpa olunması üçün onlarla söhbət etməliyəm. Futbolda qələbə də, məğlubiyyət də normaldı. İnanıram ki, qarşıdakı matçda tam fərqli “Kəpəz” görəcəyik.