“Daha əvvəl Toral və Nərimanımız var idi” - Qurban Qurbanov

18.09.2026 22:28
Ölkə futbolu / Manşet
Misli premyer-liqasının 6-cı turunda “Qarabağ” doğma meydanda “Şəfa”nı məğlub etdi - 1:0. Ağdamlıların baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransı keçirdi.
- 3 xal qazandıq. Uzun fasiləyə çıxırıq. Daha üç oyun oynamaq istəyərdik ki, yeni futbolçular komandaya uyğunlaşsın. Buna ehtiyacımız var. Fasiləyə çıxırıq, bəlkə də daha yaxşı dönəcəyik. Futbolçularımın istirahət etməsi üçün fürsəti var. Şükürlər olsun ki, qələbə qazandıq. “Şəfa” yeni komandadı, onlara uğurlar arzulayıram. Meydanda 2 bir-birinə bənzər komanda var idi. Hər iki komanda uğur qazanmaq istəyir.
- Real qol imkanınız az idi. Komandanın oyunu sizi razı saldı?
- Yaxşı müdafiə olunan komandaya qarşı oynayırdıq. Sürətli əks-hücumlara çıxmaq istəyirdik. Daha yaxşı oynamaq bizim borcumuzdu, futbolçulardan da bunu tələb edirəm. Vaxt keçdikcə bir-birinə daha yaxşı uyğunlaşacaqlar.
- Demək olar ki, hər oyun rotasiya edirsiz. Sizin rəqibləriniz - “Sabah” və “Neftçi”də bunu edir. Sizin bu rəqabəti qazanmağınız üçün əlavə futbolçulara ehtiyacınız var?
- Hazırda “transfer pəncərəsi” bağlanıb. Qış aylarında düşünəcəyik. Hələ ki, bizi qane edən futbolçu yoxdu. Axtarışlarımız davam edir.
- “Qarabağ”dan cəmi iki futbolçunun Azərbaycan millisinə dəvət alması sizi təəssüfləndirir? Bəhlulun durumu necədi?
- Bəhlulun zədəsi çox ciddi olmasa da, maraqlı əməliyyat keçirdi. Onun daha tez bərpa olunmaq ehtimalı olsa da, təəssüf ki, alınmadı. O həm bizim, həm də milli komanda üçün önəmli futbolçudu. Həmçinin Elvin Cəfərquliyev haqda da bunu deyə bilərəm. Daha əvvəl Toral Bayramov və Nəriman Axundzadəmiz var idi. Bizim üçün yeni futbolçuları hazırlamaq asan deyil. Qarşıdakı illərdə yerli futbolçuların inkişafını gözləyirik. Təəssüf ki, yerli futbolçuların sayı azalıb. Bu gün belə qərar olubsa, işimizi görməliyik.
- Hansı mövqeyə futbolçu axtarırsız?
- Bəzi mövqelərə(gülür).
- Bugünkü matçda azarkeşlərin sayı az idi. Onlara çağırışınız var?
- Yox. Onlar nə etdiyini bilir. Onların sayı çoxdu. Tək öz azarkeşlərimizi yox, başqa oyunlarda da onları stadionda görmək istəyirik. Amma bilirik ki, onlar lazim gələndə işlərini görürlər.
İSRAYIL XEYRULLAYEV