“Sarı-göylər” 3-cü turda “Turan Tovuz”la oyundan sonra meydana kənar şəxsin daxil olması səbəbindən 2500 manat cərimələnib. Bununla yanaşı, azarkeşlər həm Qərb derbisində, həm də 5-ci turda “Qəbələ” ilə matçda pirotexniki vasitələrdən yararlanıb. İlk belə hal klubun 3000, təkrar hal 5000 manat cərimələnməsi ilə nəticələnib.
Klub srağagün azarkeşlərə münasibətdə yetərincə sərt məzmunlu bəyanat yayıb. Bəyanatdan daha çox azarkeşlərə yönəlmiş təhdid xarakterli xəbərdarlığa bənzəyir. Tarixi bir klub azarkeşləri ilə niyə bu tonda danışsın ki, niyə onu hədələsin ki?! Bəlkə də ölkə futbolu tarixində ilk dəfə belə hal yaşanır. Dünyanın hər yerində belə hadisə yaşanır. Sadəcə, azarkeşinə dəyər verən klub cəriməni ödəyir, fanat qrupları ilə maarifləndirmə yönündə müəyyən iş aparır, bununla da məsələ qapanır. “Kəpəz” isə nədənsə başqa yol tutub.
Bəlkə də hər oyunda tribunalara çoxlu azarkeşin toplaşması yeni rəhbərliyi narahat edib, onlar düşünüb ki, günlərin birində hadisələrin axarı nəzarətdən çıxa bilər. “Sarı-göylər”in əsas fanklubu olan “Xəmsə”nin rəhbəri Müşfiq Məmmədovun fikrini öyrəndik:
“Düşünürəm ki, qanunlara qarşı çıxmaq doğru deyil. Üstəlik klubun hazırkı vəziyyətdə cərimələnməsi də yaxşı hal deyil. Amma klubun bu formada bəyanat verməsini də düzgün saymıram. Hesab edirəm ki, təşkilatçılıq düzgün səviyyədə olsaydı, belə problemlər yaşanmazdı. Klub rəhbərləyi ilə bu mövzuda danışmaq fikrimiz yoxdu”.
İSRAYIL XEYRULLAYEV






