Misli premyer-liqasının 6-cı turundan sonra milli komandaların oyunları ilə bağlı fasilə yaranacaq. Bu müddətdə Azərbaycan millisi Tacikistanla yoldaşlıq görüşü, Litva və Lixtenşteyn ilə Millətlər Liqasının oyunlarını keçirəcək. Bəs həmin matçlarda komandanın əsas hücumçusu kimi legioner həyatı yaşayan hansı futbolçu meydana çıxmalıdı?
Hazırda baş məşqçi Ayxan Abbasovun iki əsas seçimi var. Onlardan biri Kosovonun “Malişevo” komandasının oyunçusu, 30 yaşlı Vüsal İsgəndərlidi. Əsas mövqeyi sol cinah vingeri olsa da, mərkəz hücumçusu və sağ cinah vingeri kimi də oynamağı bacaran Vüsalın “Transfermarkt”dakı dəyəri 250 min avrodu. O, bu mövsüm komandasının keçirdiyi 6 matçın 5-də meydana çıxıb. Ümumilikdə 387 dəqiqə şans qazanan İsgəndərli 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Hazırda “Malişevo” ölkə çempionatının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.
Digər seçim isə Mahir Emrelidi. 29 yaşlı hücumçu Polşa “Rakuv”unun əsas qol silahıdı. Onun “Transfermarkt”dakı bazar dəyəri 600 min avrodu. Emreli cari mövsümdə komandasının keçirdiyi 7 matçın hamısında meydana çıxıb və bütün görüşlərə start heyətində başlayıb. Hücumçu bu qarşılaşmalarda 575 dəqiqə meydanda olub, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.
Məhsuldarlıq baxımından Vüsal üstündü, amma komandasının Polşanın aşkar autsayderi olmasına baxmayaraq, Mahir də formadadı. Kəsəsi, Ayxan Abbasovu çətin seçim gözləyir.
İSRAYIL XEYRULLAYEV
Mahir Emreli, yoxsa Vüsal İsgəndərli? – Ayxan Abbasov üçün çətin seçim
Ölkə futbolu / Manşet





