Vüsal İsgəndərli şərəfini qoruduğu “Malişevo”nun “Hibernian”a qarşı keçirdiyi Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda zədələnib.
Bu barədə “Football-plus.az”a futbolçunun özü məlumat verib. 30 yaşlı hücumçu son durumunu açıqlayıb:
“Həmin matçda zədələndim. Bu üzdən 35-ci dəqiqədə əvəzlənməli oldum. Hazırda müalicə alıram. Həm də fərdi məşq edirəm. Üç-dörd gün sonra komanda ilə birgə məşqə başlayacam. Ümid edirəm ki, ən qısa zamanda sağlamlığımı bərpa edəcəm. Komandamızın sabah yoxlama oyunu var. Baş məşqçi və həkimlərin qərarı ilə həmin görüşdə meydana çıxmayacam. Bildiriblər ki, rəsmi oyunlarda çıxış etməyim daha vacibdi”.
Vüsal yeni klubu haqda fikirlərini bölüşməklə yanaşı, başqa yerlərdən də təklif aldığını bildirdi:
“Düzü, indiyə qədər hansısa komandaya uyğunlaşmaqla bağlı ciddi problem yaşamamışam. “Malişevo” da bu baxımdan istisna olmadı. Rəhbərlik və məşqçi korpusu ilə münasibətlərim yüksək səviyyədədi. Baş məşqçi Tomas Brdariç çox yaxşı insandı. Böyük karyerası olub. Mənə bütün oyunlarda şans verməyə çalışır. Kollektiv də yaxşıdı. İndiyə kimi üç oyunda bir məhsuldar ötürmə vermişəm. Qollar vurmaq, komandam üçün daha faydalı olmaq istəyirəm. Başqa təkliflərə gəlincə, “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi. Həmçinin Albaniya və Türkiyə klubları məni istəyirdi. Rumıniyanın “Botoşani” klubu da təklif göndərmişdi. Bəlkə də Türkiyədə oynaya bilərdim. Lakin həmin klubda çıxış edən futbolçulardan öyrəndim ki, 5-6 aydı maaş almırlar. Komandanın əvvəlki mövsümdən qalan borcları da var imiş. “Malişevo” bütün şərtlərimi qəbul etdi. Əsas məqsədim çox şans qazanmaq idi. Təbii ki, maddi məsələlər də var. Hər halda, bu da vacibdi”.
Vüsal sonda milli komandadan dəvət gözlədiyini də dedi:
“Əlbəttə, dəvət gözləyirəm. Ayxan Abbasov son toplanışlarda məni çağırıb. İnşallah, növbəti toplanışa qədər “Malişevo”da daha çox şans qazanıb, özümü yaxşı tərəfdən göstərərəm və dəvət alaram. Qarşıdan gələn matçlardan çox şey asılıdı”.
KƏNAN BAHADIR