“Səbail” görüşün ilk dəqiqələrindən üstünlüyü ələ aldı. 28-ci dəqiqədə Yan Said fərqlənərək qonaqları hesabda önə keçirdi. Meydan sahibləri ilk hissənin ortalarına doğru fəallığını artırsa da, hesab dəyişmədi.
İkinci hissədə meydan sahibləri daha yaxşı çıxış etdisə, “Səbail” əks-hücumlarda xoşbəxtliyi axtarmağa başladı. Uzun müddət oyunun ssenarisi dəyişmədi. Final fitinə az qalmış Buzovna təmsilçisi bir neçə təhlükəli epizod yaratsa da, hesabı bərabərləşdirə bilmədi.
Beləliklə, qarşılaşma “Səbail”in 1:0 hesablı qələbəsi ilə başa çatdi.
Oyundan sonra qalib komandanın baş məşqçisi Elnur Abdullayev "Football-plus.az"a açıqlama verdi:
"Bilirdik ki, bu gün gərgin oyun olacaq. Üstəlik, meydanın vəziyyəti ideal deyil. Buna baxmayaraq, qələbə qazandıq. Qol epizodlarımız çox oldu, lakin hamısından istifadə edə bilmədik. Belədə oyunda müəyyən gərginlik yarandı. Komandama gələcək oyunlarda da uğurlar arzulayıram. Kollektiv sıfırdan yığılıb. Uyğunlaşma prosesi gedir. Onların bir-birini daha yaxşı başa düşməsi üçün vaxt lazımdı. Bunu meydanda da görürəm, hiss edirəm. Düşünürəm ki, 5-ci-6-cı turlara qədər komanda ideal vəziyyətə gələcək. Bəlkə heyətə daha bir-iki futbolçu əlavə olunsa, yaxşı olar. Buna baxmayaraq, oyunçularıma inanıram. Düşünürəm ki, bu heyətlə də çempionluq yolunda mübarizəmizi davam etdirə bilərik".
İSRAYIL XEYRULLAYEV





