"Old Trafford"dan sonra burda oynamaq o qədər də asan deyil" - Valdas Dambrauskas

14.09.2026 22:57 36
Ölkə futbolu / Manşet
"Sabah" Misli premyer-liqasının 5-ci turunda "Şəfa"nı məğlub etdi - 3:0.

"Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- "Mançester Yunayted"lə oyundan sonra Maykl Kerriklə söhbətiniz oldu. Bilmək olar nə danışdınız?
- Bu, mənimlə Kerrik arasında olan sirdi.

- Oyunla bağlı fikirlərinizi bölüşərdiz...
- "Mançester Yunayted"lə matçdan sonra bu cür matçlara köklənmək çətindi. Oyunçularımın yanaşmasından razı qaldım. Çox yaxşı çıxış etdilər. "Old Trafford"dan sonra burda oynamaq o qədər də asan deyil. Bəzi şeylər var idi ki, onları bəyənmədim. Birinci hissədə səhvlər etdik. Rəqib qapımıza 5-6 zərbə endirdi. Heyətdə 6 rotasiya etmişdik. Oyuna çox yaxşı başladıq, qollar vurduq. "Şəfa"nın da haqqını vermək lazımdı. Çox yaxşı oyun planları var. İkinci hissəyə də yaxşı başladıq. Topa nəzarət edən tərəf biz idik. Ümumilikdə deyə bilərəm ki, oyundan razıyam. Bu qələbəni unuduruq. "İmişli" ilə oyuna köklənməliyik.

- "Mançester Yunayted"lə oyunda açıq futbol oynamağınız tənqidlərə səbəb oldu. Bununla bağlı fikirləriniz necədi?
- Bu gün "Şəfa" ilə oynamışıq. "Mançester Yunayted"lə oyun haqda danışmışıq. Bilirsiz dünyada ən asan iş nədir? Hansısa komandanı tənqid etmək... Hər kəs istədiyi kimi danışa bilər. İşimizi mükəmməl şəkildə görməyə çalışırıq. Azarkeşlər tənqid etməlidi. Bunu anlayırıq. Amma bunların heç biri bizə təsir etmir. Gördüyünüz kimi, oyunumuza köklənmişik. Çox ağır səfərdən sonra burda qələbə qazanmışıq.

- "Mançester Yunayted"lə oyundan sonra Rəhman Daşdəmirova olan tənqidlərə münasibətiniz necədir?
- Rəhmanı tənqid edənləri başa düşmürəm. Əvvəl deyirdilər ki, niyə azərbaycanlı futbolçular oynamır? Azərbaycanlı oyunçu Çempionlar Liqasında "Sabah"ı təmsil edir. Ona hörmətlə yanaşmaq lazımdı. Rəhman ölkədəki ən yaxşı üç futbolçudan biridi. Tənqidlər olacaq. Belə tənqidləri qəbul etmirəm. Rəhman və ya başqa futbolçularım nə ediblər? 33 oyun məğlub olmayan komanda çempion olub, ölkə kubokunu qazanıb. Azərbaycanı Çempionlar Liqasında təmsil edirik. Nəyə görə oyunçularım tənqid olunmalıdı? Məsləhət görərdim ki, öz futbolçularımıza dəstək olaq. Onlar "Sabah" və Azərbaycan üçün böyük iş görüblər.

- Yunes Laşaabın Çempionlar Liqası heyətində yer almamasının səbəbi nədi?
- Bu suala dəfələrlə cavab vermişəm. Çempionlar Liqasında müəyyən limit var. 25 futbolçu sifariş edə bilərsən. Ən çox 17 nəfər əcnəbi olmalıdı. İstəyərdim ki, daha çox "Şəfa" ilə oyunu təhlil edək. Bütün oyunlar bizim üçün önəmlidi.

- Komanda 4 oyunda 11 qol vurub, qapısında qol görməyib. Bu sabitliyin davam edəcəyinə inanırsız?
- Onu ancaq Allah bilir. Biz oyundan-oyuna öz işimizə köklənirik. İndi nəsə deyə bilmərəm. Bunu zaman göstərəcək. Bizim möhtəşəm komandamız var. Çox xoşbəxtəm ki, bu cür heyətlə çalışıram. Bu komandanın böyük potensialı var.