“Old Trafford”dakı darmadağının səbəbkarı Pokatilovdu? – TƏHLİL

11.09.2026 21:49 531
Ölkə futbolu
Çempionlar Liqasının liqa mərhələsində debüt edən “Sabah” ilk turda “Mançester Yunayted”ə uduzdu. “Old Trafford”da keçirilən qarşılaşma “bayquşlar”ın 0:4 hesablı məğlubiyyəti ilə nəticələndi. İndi Valdas Dambrauskası da tənqid edənlər var, ayrı-ayrı futbolçuları da. Tənqid oxlarının əsas hədəfi isə qapıçı Stas Pokatilovdu.

Qazaxıstanlı kiper həqiqətənmi kobud səhvlərlə yadda qaldı? Məğlubiyyətin böyükhesablı olmasının əsas səbəbkarı odu?

Qol epizodlarını bir daha nəzərdən keçirməklə bu suala cavab tapmağa çalışdıq.

27-ci dəqiqə: “Mançester Yunayted” qısa ötürmələrlə ciddi maneə ilə ülzəşmədən, “Sabah”ın cərimə meydançasına çatdı. Kahim Parrisin səhvi üzündən başlayan hücum Patrik Dorqunun ötürməsi, Eyden Makkartinin qarşısını ala bilmədiyi Mateus Kunyanın qolu ilə nəticələndi. Burda Pokatilovun müdaxiləsi işə yaramadı. Ancaq məhz bu səbəbdən qapıçı günahlandırmaq yerinə düşmür.

42-ci dəqiqə: Bruno Fernandeş Yuri Tilemansın ötürməsi sayəsində topu sağ küncə göndərdi. Bəli, burda Fernandeşə mane olmaq cəhdi uğursuz alınan Makkartiyə də irad bildirmək mümkündü. Ancaq real təhlükəyə rəğmən, daha çox sol küncə fokuslanan, başqa sözlə, rəqibin imkanlarını genişləndirən Pokatilov daha böyük məsuliyyət daşıyır.

45-ci dəqiqə: əslində bu epizodda meydan shibləri hər şeyi qüsursuz etdi. Brian Mbemonun ideal ara ötürməsi, Benyamin Şeşkonun Pokatilovu da keçəndən sonra “çərçivə”ni dəqiq nişan alması komandalar arasında səviyyə fərqinin bariz nümunəsi idi. Sadəcə, bəlkə də qapıçı rəqibin üstünə yeriməsə, mövqeyindən həddən artıq uzaqlaşma da, çıxış yolu tapmaq mümkün olardı.

68-ci dəqiqə: Fernandeşin cərimə zərbəsindən sonra yaranan qarışıqlıq Lisandro Martines topu tora qovuşdurmasına səbəb oldu. Düzdü, bu epizodda Pokatilov arxasına düşən topu axtarmaq üçün xeyli vaxt itirdi. Ancaq Makkartinin topa toxunuşu, Fernandeşin Rəhmanı asanlıqla aldatması da diqqətdən qaçmadı.

Kəsəsi, bəli, Pokatilov da komanda yoldaşları kimi müəyyən səhvlərlə yadda qaldı. Ancaq hansısa kobud səhvdən söhbət gedə bilməz. Sadəcə, “Sabah” təkcə səviyyə fərqinin yox, həm də ayrı-ayrı futbolçuların fərdi səhvlərinin qurbanı oldu və bu sırada Pokatilov da var. Odu ki, qapıçını buraxdığı 4 qola görə tənqid etmək də olar, 5 seyvlə yadda qaldığı üçün tərifləmək də!

KƏNAN BAHADIR