Klub prezidenti azarkeşi görüşə çağırdı

13.09.2026 16:08 153
Dünya futbolu
Son illərdə fanatlarını yaxşı nəticələrə alışdıran və avrokuboklarda da diqqət çəkməyi bacaran ''Samsunspor'' cari mövsümə zəif start verib.

Samsun təmsilçisi son olaraq öz meydanında debütant ''Çorum'' önündə pərən-pərən düşərək 1:5 məğlub oldu. ''Ağ-qırmızılar'' ilk 5 turun 3-də uduzaraq cəmi 4 xal toplayıblar. Fanatların başqan Yüksəl Yıldırıma və məşqçilər korpusuna etirazı hər həftə daha da artır.

Bu arada ''Çorum''a məğlubiyyətin ardından bir fanat paylaşımında etirazını bu sözlərlə qeyd etdi:

''Samsunspor''un səhmləri Yüksəl Yıldırımın ola bilər. Amma ''Samsunspor''un sahibi o deyil. Bu komandanı o yaratmayıb. 1 veribsə, əvəzində 11 alıb. İnkar edirsə, hesab-kitabı ortaya çıxarsın və hər kəs nə olduğunu görsün. ''Samsunspor''un yalnız bir həqiqi sahibi var. O da bizik''.

Maraqlıdı ki, çox keçmədən başqan Yüksəl Yıldırım özü şəxsən bu paylaşımın altında şərh yazıb və fanatı görüşə dəvət edib:

''Bu axşam gəl bazaya. Hesab-kitabını da gətir. Bütün hesabları görək. Sən də qurtul, mən də qurtulum. Bank hesabını da gətir ki, fanatlar öz yeni pullu prezidentini tanısın. Sayəndə klub əmin əllərdə olsun və qapı-qapı dilənməsin''.