''Qalatasaray'' vacib oyunda bu futbolçulardan yararlana bilməyəcək

11.04.2025 15:13 16
Dünya futbolu
Mövsümün ikinci dövrəsində bir qədər geriləyən və 8 xallıq fərqin 3-ə enməsinə mane ola bilməyən ''Qalatasaray''ı bu gün önəmli bir qarşılaşma gözləyir.

''Football-plus.az'' xəbər verir ki, İstanbul nəhəngi 31-ci turun açılış oyununda Samsuna səfər edəcək. ''Samsunspor'' hər nə qədər son 6 turda 18 mümkün xalın yalnız 5-ni qazansa da, bu komandanın turnir cədvəlində 3-cü pillədə qərarlaşdığını unutmamalıyıq. Üstəlik Samsun təmsilçisi 28-ci turda çempionluğa digər namizəd ''Fənərbaxça''nı büdrətmişdi (0:0). Özü də səfərdə. Həmin matçın ardından ''Samsunspor''un prezidenti Yüksəl Yıldırım ''Qalatasaray''dan da ən azı 1 xal almaq üçün var güclərini ortaya qoyacaqlarını demişdi. Ona görə də ''sarı-qırmızılar''ı heç də asan gəzinti gözləmir.

Maraq üçün bildirək ki, ''Qalatasaray'' hazırda Türkiyə çempionatı çərçivəsində bu rəqibə qarşı 7 oyunluq qələbə seriyasına malikdi. ''Samsunspor'' güclü rəqibini superliqada sonuncu dəfə 2004/05 mövsümünün ikinci dövrəsində öz meydanında məğlub edib (2:1). Bu arada Okan Burukun komandasının iştirak ərizəsi bəlli olub. Orda 4 itki gözə dəyir. Belə ki, Elias Yelert, Kaan Ayhan, Kərəm Dəmirbay və Pşemislav Frankovski heyətə daxil edilməyib. İlk 3 futbolçu zədə, ''Beşiktaş''la derbidə qırmızı vərəqə alan polşalı Frankovski isə cəza üzündən oyunu buraxmalı olacaq.

Maraqlıdı ki, Kaan Ayhan oyunöncəsi son məşqdə dizindən zədə alıb.