“Trabzonspor”da Fatih Təkkə dönəmi 10 gündən çoxdu başa çatıb. Buna baxmayaraq, hələ də yeni baş məşqçinin kim olacağı bəlli deyil.
Mətbuatda az qala hər gün ortaya yeni isimlər çıxır. Amma rəhbərlik hələ də heç bir məşqçi ilə bağlı konkret addımlar atmayıb. Əcnəbilərdən Antonio Konte, Marselino Qarsiya Toral, Ernesto Valverde, Vitor Pereyra, Raffaele Palladinonun adı ön plandadı. Amma məsələ burasındadı ki, idarə heyətində yeni məşqçinin əcnəbi, yoxsa yerli olması mövzusunda çox ciddi fikir ayrılığı yaşanır.
Başqan Ərtuğrul Doğan əcnəbi məşqçinin tərəfdarıdı və o özü də verdiyi açıqlamada bunu dilə gətirmişdi. Amma idarə heyətinin bir çox üzvlərinin fikrincə, mövsüm davam edərkən superliqanı və Türkiyə futbolunu tanımayan əcnəbi məşqçinin gətirilməsinin “Trabzonspor”a heç bir faydası dəyməyəcək. Ona görə də yönəticilər birmənalı şəkildə yerli məşqçi tələb edirlər.
İndidən bir məqam dəqiqdi ki, “Gənclərbirliyi” üzərində qazanılan 5:0-lıq qələbədə baş məşqçi funksiyasını icra edən Hüseyn Çimşir ən azı məşqçilər korpusunda çalışmaqda davam edəcək.
Bundan başqa, Ərgin Keleş də məşqçi korpusuna dəvət olunub. “Trabzonspor”un öz yetirməsi olan və bir müddət bu klubda top qovan 39 yaşlı Keleş yaxınlarda məşqçi lisenziyasını alıb. Hüseyn Çimşirlə Ərgin Keleş yeni gələcək baş məşqçinin köməkçiləri olacaq. Klubun bəzi yönəticiləri yola məhz bu ikili ilə davam edilməsini istəyirlər. Amma bir şərtlə ki, Şenol Günəş baş məsləhətçi vəzifəsinə gətirilsin.
Bu arada başqan Ərtuğrul Doğanın Arda Turanla bağlı planlarının olduğu üzə çıxıb. O, komandasının başında məhz “Şaxtyor”un türkiyəli çalışdırıcısını görmək istəyir.
Şayiələrə inansaq, Doğan bugünlərdə Arda Turanla yenidən görüşməyi planlaşdırır.
“Trabzonspor” məşqçi məsələsində seçim edə bilmir
Dünya futbolu






