''Trabzonspor''da Fatih Təkkə dönəmi belə desək, ikinci cəhddən başa çatdı.
Məhəmməd Salahın gəlişindən sonra futbol dünyasının ciddi maraq dairəsinə düşən qaradənizlilər mövsümün əvvəlində gözlənilən nəticələri əldə edə bilmədilər. Təkkə hələ səfərdə ''Ferenstvaroş''a 0:4 hesablı biabırçı məğlubiyyətdən sonra istefa vermişdi. Həmin vaxt onun istefası qəbul olunmamışdı. Amma Trabzon təmsilçisi superliqanın son matçında səfərdə ''Amed SF''yə də məğlub oldu. Çərşənbə axşamı idarə heyətinin təcili toplantısı keçirildi. Orda Fatih Təkkə ilə yolların qarşılıqlı şəkildə ayrılmasına qərar verildi. Bunu başqan köməkçisi Sərkan Kılıç açıqladı. Beləliklə, ''bordo-mavililər''də 18 aylıq Təkkə dönəmi rəsmən başa çatdı.
Futbolçu kimi ''Trabzonspor''un əfsanəsi olan və daha öncə ''Dənizlispor'', ''İstanbulspor'', ''Bursaspor'', ''Alanyaspor''u çalışdırmış 48 yaşlı mütəxəssis bu vəzifəyə 2025-in martın 11-də gəlmiş və 4,5 illik müqaviləyə imza atmışdı. Geridə qalan 539 gün ərzində komanda superliqada keçirdiyi 48 qarşılaşmadan 26 qələbə, 14 heç-heçə, 8 məğlubiyyətlə ayrıldı ki, bu da orta hesabla hər oyuna 1,91 xal deməkdi. ''Trabzonspor'' ötən mövsümü 3-cü pillədə tamamlamaqla yanaşı ölkə kubokunu da qazandı. Bu, Təkkənin məşqçi karyerasının ilk titulu oldu. Elə 2024/25-də də komanda bu məşqçi ilə kubokda finala qədər irəliləmişdi. Amma həmin vaxt ''Qalatasaray''a qarşı finalda 0:3-lük məğlubiyyət qeydə alınmışdı.
Təbii ki, Salahın gəlişindən sonra nəticələrin bir qədər də yaxşılaşacağı və komandanın hətta çempionluğa oynaya biləcəyi güman edilirdi. Amma ''Trabzonspor'' bu mövsüm superliqada ilk 3 tura yalnız 4 xal toplaya bildi. Avropa Liqasının təsnifat mərhələsinin pley-offunda isə komanda ''Ferenstvaroş''a ümumilikdə 0:5 uduzaraq yoluna KL-də davam etməli oldu.
''Trabzonspor''da Fatih Təkkə dönəmi rəsmən başa çatdı!
Dünya futbolu






