Trabzonda hoqqa: Hüseyn raport yazacaq, Konte isə tarix?

9.09.2026 10:00 9
Dünya futbolu
Fatih Təkkə ilə vidaşan ''Trabzonspor''da baş məşqçi axtarışı davam edir.

Müvəqqəti məşqçi Hüseyn Çimşirin başçılığı altında ''Gənclərbirliyi''ni 5:0 darmadağın edən Trabzon təmsilçisinin maraq dairəsində olan məşqçilərin sayı 3-ə enib.

Türkiyə mətbuatının yazdığına inansaq, əsas namizəd Antonio Kontedi. Rəhbərlik daha öncə İtaliya və İngiltərədə çempionluqlar yaşamış bu təcrübəli mütəxəssisi Türkiyəyə gəlməyə razı salmağa çalışır. İkinci namizəd Marselino Qarsiya Toraldı. ''Vilyarreal''ı ÇL-ə daşıyandan sonra rəhbərliklə yaşadığı fikir ayrılığı üzündən bu klubdan ayrılan ispaniyalı mütəxəssis də Konte kimi hazırda işsizdi.

Gündəmdəki digər isim isə Ernesto Valverdedi. İspaniyanın tanınmış mütəxəssislərindən olan Valverde sonuncu dəfə ''Atletik''də çalışmışdı. 62 yaşlı məşqçi ''Barselona''da işlədiyi dönəmdə 145 oyunda orta hesabla hər matça 2,23 xal toplamışdı.

Bu arada rəhbərliyin Hüseyn Çimşirlə bağlı planı da bəlli olub. Komandanın bu məşqçinin başçılığı altında sərgilədiyi futbol alqış toplasa da, rəhbərliyin onunla bağlı uzunmüddətli planı yoxdu. Amma camiəni yaxından tanıyan Çimşirlə köməkçi məşqçi kimi yola davam ediləcək. O, yəni gələn əcnəbi məşqçinin əsas köməkçilərindən biri olacaq. Çimşir həm də yeni məşqçi üçün komandanın son durumu ilə bağlı geniş raport hazırlayacaq.