Türkiyədə bu yay neçə transfer baş tutdu? - ən yaşlı oyunçular “Fənər”ə gəlib

13.09.2026 10:00 72
Dünya futbolu
Türkiyədə yay “transfer pəncərəsi” sentyabrın 5-də bağlandı. Yəni artıq transfer mövzusuna – gələnlərə və gedənlərə yekun vurmaq olar.

“Böyük beşlik” ölkələrində olduğu kimi, qardaş ölkədə də bir sıra maraqlı transferlər baş tutdu. Bu yay Türkiyəyə Məhəmməd Salah, Rafael Leao, Meyson Qrinvud, Romelu Lukaku, Duşan Vlahoviç kimi ulduzlar təşrif buyurdu. Ümumilikdə superliqada mübarizə aparan 18 komanda 202 transfer həyata keçirdi ki, bunlardan 83-ü yerli, 119-u əcnəbidi.

Transferdə ən çox fəallıq göstərən “Çorum” oldu. Tarixində ilk dəfə elitada oynayan bu klub 21 yeni futbolçu aldı. Maraqlıdı ki, “Fənərbaxça” ilə “Qalatasaray” bu yay Türkiyədə ən az futbolçu alan klublardı. İstanbul nəhəngləri yay “pəncərəsində” cəmi 5 yeni futbolçu ilə gücləndilər. Özü də “Fənər” yalnız legionerlərə üstünlük verdisə, “Qalatasaray”ın 5 yeni transferindən dördü legioner oldu. Bundan başqa, 202 yeni futbolçudan 124-ü xarici klublardan alındısa, 78-i Türkiyə daxilində baş tutan transferlərdi.

Xaricdən gətirilən 124 futbolçudan 13-ü Türkiyə vətəndaşıdı. Xaricdən oyunçu gətirməyə ən çox həvəs göstərən də “Çorum” oldu. 21 yeni oyunçudan 11-i xarici klublardan gətirildi. Ölkələr üzrə nəzər saldıqda isə bu yay Türkiyəyə ən çox Fransadan futbolçular gəldi. Superliqa təmsilçiləri Fransa klublarından 19 futbolçu transfer etdi. İtaliyadan 13, İngiltərədən 12, Almaniyadan 11 oyunçu alındı.

Yaş məsələsinə gəlincə, yeni alınan 202 oyunçunun orta yaş həddi 25,01-di. Ötən yay bu rəqəm 25,73-ə bərabər idi. Ən yaşlı futbolçulara üstünlük verən “Fənərbaxça” oldu! Belə ki, 5 yeni transferin orta yaş həddi 28,4-ə bərabərdi. Bu siyahıda “Trabzonspor” (27,5) ikinci, “Konyaspor” (26,6) üçüncü pillədədi. Belə desək, ən gənc oyunçulara isə “Alanyaspor” üstünlük verdi. Bu klubun transferlərinin orta yaş həddi 21,87-ə bərabərdi. “Qalatasaray”ın (22,6) bu siyahıda ikinci pillədə olması diqqəti çəkir.

Bu yayın ən yaşlı transferləri isə “Ərzurumspor”a gələn qapıçı Ərtuğrul Taşkıranla bir neçə illik fasilədən sonra “İstanbul BŞ”yə qayıdan Edin Visçadı. Hər iki futbolçunun 36 yaşı var. Daha öncə 11 il başakşəhərlilərdə çıxış etmiş və 2022-dən bəri “Trabzonspor”a məxsus olan bosniyalı Visça 110 qolla “İstanbul BŞ” tarixinin ən məhsuldar futbolçusudu. Sonda 4 nəhəng klubdan ayrılanların və yeni gələnlərin adlarına nəzər salaq.

Qeyd edək ki, bu siyahıda yalnız ötən mövsümü bu klublarda keçirən futbolçular qeyd olunub.

QALATASARAY
Gələnlər: Rafael Leao (Milan), Aleksey Batrakov (Lokomotiv), Dəniz Gül (Portu), Lesli Uqoçukvu (Bernli, icarə), Əl-Şaday Bitşiabu (Leyptsiq, icarə).
Gedənlər: Mauro İkardi (müqaviləsi başa çatdı), Noa Lanq (icarə müdəti başa çatdı), Yaser Asprilya (icarə müddəti başa çatdı), Saşa Boe (icarə müddəti başa çatdı), Ahmed Kutucu (Çaykur Rizəspor, icarə), Gökdəniz Gürpüz (Saarbrükken), Batuhan Şən (Fatih Karagümrük), Metehan Baltacı (Gənclərbirliyi, icarə),

FƏNƏRBAXÇA
Gələnlər: Meyson Qrinvud (Marsel), Vedat Muriqi (Malyorka), Natan Ake (Mançester Siti), Romelu Lukaku (Napoli), Koco Peprah Opponq (Nitsa).
Gedənlər: Sidiki Şerif (Koventri), Dominik Livakoviç (Barselona), Fred (Atletiko Mineyro), Anderson Talişka (Əl-Cəzirə), İrfan Can Eğribayat (Gənclərbirliyi), Əmrə Mor (Neymegen), Əmrə Dəmir (Alanyaspor), Cengiz Ündər (Çorum), Sofyan Amrabat (Ayaks), Entoni Musaba (Norviç, icarə), Dieqo Karlos (Parma, icarə), Çağlar Söyüncü (Çorum), Rodriqo Bekao (Rodina, icarə).

BEŞİKTAŞ
Gələnlər: Duşan Vlahoviç (Yuventus), Leandro Trossar (Arsenal), Kassum Uattara (Monako), Aleksander Nübel (Ştutqart), Ümit Akdağ (Alanyaspor), Ernest Poku (Bayer-04, icarə), İlhan Fakılı (Klermon), Fabio Miretti (Yuventus, icarə), Salih Özcan (Borussiya D), Doğan Aləmdar (İstanbul BŞ).
Gedənlər: Feliks Uduoxay (Union), Gökhan Sazdağı (Çorum), Salih Uçan (Gənclərbirliyi), Ərsin Destanoğlu (Əl-Cəzirə), Əmrəcan Terzi (İğdır), Tayyib Talha Sanuç (Çaykur Rizəspor), Devrim Şahin (Bodrum, icarə), Nəcip Uysal (karyerasını tamamladı), Əmir Haciahmetoviç (muqaviləsi başa çatdı).

TRABZONSPOR
Gələnlər: Məhəmməd Salah (Liverpul), Aral Şimşir (Midtüllann), Noa Saviolo (Gimaraynş), Sidni Lopeş Kabral (Benfika), Rene Mitonqo (Standard), Cenk Özkaçar (Valensiya), Melih Kabasakal (Qaziantep), Fabinyo (Əl-İttihad), Samet Akaydın (Çaykur Rizəspor), Metehan Mimaroğlu (Gənclərbirliyi), Ruslan Malinovski (Cenoa), Tyerri Karadəniz (Köln U-19).
Gedənlər: Krist Ulai (Fiorentina), Felipe Auqusto (Zenit), Aleksandr Zubkov (AEK), Salih Malkoçoğlu (Əl-Cəzirə), Matias Lövik (Mölde), Sərdar Saatçı (Çorum), Edin Visça (İstanbul BŞ), Con Lundstram (Lester), Kazim Olaiqbe (Bazel, icarə), Entoni Nvakaeme (müqaviləsi başa çatdı).