''Fənərbaxça'' bu futbolçudan qurtuldu!
Dünya futbolu
Sidiki Şerifin ''Fənərbaxça''dan ayrılmağa yaxın olması barədə şayiələr təsdiqini tapıb. Vedat Muriqi və Romelu Lukaku kimi forvardların gəlişindən sonra zatən oynamaq şansı bir xeyli azalan fransalı hücumçu karyerasını İngiltərədə davam etdirəcək. Şerif ''Koventri''nin təklifini qəbul edib. Ona ''İpsviç'' də maraq göstərirdi. 19 yaşlı futbolçu son detalları razılaşdırmaq və tibbi müayinədən keçmək üçün artıq İngiltərəyə yollanıb. Transfer hələ rəsmi olaraq açıqlanmasa da, Frenk Lempardın çalışdırdığı premyer-liqanın debütantı ''Koventri''nin ''Fənərbaxça''ya 24,5 milyon avro ödəyəcəyi bildirlir. Bundan başqa Şerifin sonrakı satışından əldə olunacaq məbləğin 10 faizi da istanbullulara çatacaq. Xatırladaq ki, ''Fənər'' ötən mövsümün qış transfer dönəmində Ən-Nəsiri, Duran, Cenk Tosun kimi hücumçularla vidalaşaraq əvəzində yalnız 4 milyon avroya Şerifi icarəyə götürdü. Amma bu futbolçu ümidləri doğrulda bilməyərək 17 rəsmi oyunda cəmi 3 qol, 1 məhsuldar ötürmə ilə fərqləndi. Müqavilənin şərtlərinə əsasən bu yay ''Fənər'' daha 18 milyon avro ödəyərək onu daimi əsasda transfer etməli oldu. Yəni bu futbolçu kluba ümumilikdə 22 milyon avroya başa gəldi. Bu baxımdan Şerifi klub tarixinin ən fiasko transferlərindən biri saymaq olar. Maraqlıdı görəsən, superliqada qol vurmaqda çətinlik çəkən bir futbolçu premyer-liqa kimi çətin turnirdə necə oynayacaq?






