Dünən Türkiyədə rəsmən qış transfer ''pəncərəsi'' bağlandı.
Yanvarın 11-də açılan ''pəncərə'' fevralın 9-da yekunlaşdı. Bu transfer dönəminə aid bəzi maraqlı detalları diqqətinizə çatdıraq.
Elitada çıxış edən 20 klubdan 19-u heyətini gücləndirməyi lazım bildi. Ümumilikdə 87 transfer baş tutdu. Yalnız ''Antalyaspor'' heyətinə yeni oyunçu cəlb edə bilmədi. Çünki Sərgən Yalçının kollektivi borclarını ödəyə və transfer cəzasından qurtula bilməyib. Maraqlıdı ki, transferlərin 72 faizi, daha dəqiq desək, 63-ü əcnəbilər, 24-ü isə yerli statusunda olan futbolçulardı. Qardaş ölkəyə bu qış ən çox seneqallı və albaniyalı futbolçular gəlib. Hər iki ölkədən olan 5 oyunçu alınıb. İtalyanlar və braziliyalılar 4 futbolçu ilə 2-ci, kot d'İvuarlılar isə 3 futbolçu ilə 3-cü pillədə qərarlaşıblar.
19 klubdan 8-nin tamamilə əcnəbi oyunçular alması diqqət çəkir. Onların arasında ''Adana Dəmirspor'' liderdi. Şahruddin Məhəmmədəliyevin komandası 9 futbolçu alıb və onların hamısı əcnəbilərdi. Eləcə də ''Konyaspor'' (8), ''İstanbul BŞ'' (4), ''Beşiktaş'' (4), ''Qalatasaray'' (3), ''Alanyaspor'' (3), ''Kayserispor'' (3) və ''Trabzonspor'' (1) da üstünlüyü yalnız legionerlərə verib.
ƏLİ