“Baxmayaraq ki, “Sabah” böyük hesabla uduzdu, mən bu nəticəni darmadağın saymazdım” - Arif Əsədov

11.09.2026 16:30 81
Ölkə futbolu
Dünən “Sabah” Çempionlar Liqasının liqa mərhələsində ilk oyununa çıxdı və səfərdə “Mançester Yunayted”ə 0:4 uduzdu.

İlk qoldan sonra “Sabah”ın bir neçə təhlükəli epizodu olsa da, bu fürsətlərdən yararlana bilməməsi oyunun qırılma nöqtəsi oldu. Xüsusilə 36-cı dəqiqədə Mikelsin Parrisin hava ötürməsinə başla dəqiq zərbə endirə bilməməsi yadda qaldı.

Bəs “Sabah” niyə böyük hesabla məğlub oldu? Xal qazanmaq üçün nə çatmadı? “Football-plus.az” olaraq, bu suallara cavab tapmaq üçün mütəxəssis Arif Əsədovla danışdıq:

“Baxmayaraq ki, “Sabah” böyük hesabla uduzdu, mən bu nəticəni darmadağın saymazdım. Komanda olaraq layiqincə mübarizə göstərdilər. 0:4 hesabı ilə məğlub olmaq böyük görünə bilər, amma rəqibin kim olduğunu da unutmaq lazım deyil. Təbii ki, “Sabah”ın İngiltərə səfərindən qalib ayrılması çətin məsələ idi. Hər kəs “Sabah”ın tam geri çəkilib, arxadan oyun quracağını düşünürdü. Lakin belə olmadı. Əksini gördük. “Bayquşlar” yenidən öz oyun üslubunu ortaya qoydu. Rahat hücumlar qururdu, bir neçə təhlükəli vəziyyəti də oldu. “Mançester Yunayted” İngiltərə premyer-liqasının böyük klublarından biridi. Onların futbolçularının keyfiyyəti özünü göstərirdi. Komanda oyununda elə də tam üstünlük əldə edə bilməsələr də, fərdi cəhətdən rəqib futbolçular seçilirdi. Sonda da bu özünü göstərdi. Bu görüş “Sabah” üçün təcrübə və özünəinam yaratdı. Belə böyük rəqibə qarşı topu hara gəldi atmadan hücum etmək, öz üslubunda çıxış etmək böyük nailiyyətdi. İnanıram ki, dünənki oyun “Sabah”ın bu mərhələdə xal toplaya biləcəyini göstərdi. Hansı komandadan xal ala biləcəyini isə zaman göstərəcək”.

İSRAYIL XEYRULLAYEV