Uğursuz nəticələr üzündən Kaxaber Sxadadze ilə yolları ayıran “Qəbələ” hələ yeni baş məşqçi tapmayıb.
Xatırlayırsızsa, klubun idman direktoru Səbuhi Səfiyarlı saytımıza açıqlamasında çalışdırıcı üçün meyarların müəyyənləşmədiyini, hadisələrin hansı yöndə cərəyan edəcəyinə “İmişli” ilə matçdan sonra aydılıq gələcəyini demişdi.
Məsələ ilə bağlı yeniliyin olub-olmadığını öyrənmək üçün bir daha Səbuhi bəylə əlaqə saxladıqda eyni cavabı eşitdik. Ortaya çıxdı ki, “qırmızı-qaralar” hələ də yerli, yoxsa əcnəbi mütəxəssislə çalışmaq istədiyinə qərar verməyib. Səbuhi bəy həm də indiki durumda bu prosesin asan olmadığını dedi.
Öz aramızdı, deyəsən, “Qəbələ”nin yeganə problemi nəticələr imiş. Çünki “İmişli”ni məğlub edən komanda “Kəpəz”ə qarşı oyuna da Amil Ağacanov - Miloş Yevtiç məşqçi duetinin rəhbərliyi altında hazırlaşır və kollektivi meydana Amil bəy çıxaracaq.
Misli premyer-liqasının 5-ci turunun “Kəpəz” – “Qəbələ” qarşılaşması sentyabrın 12-si, saat 17.30-da start götürəcək. Oyun Gəncə şəhər stadionunda olacaq.
KƏNAN BAHADIR
“Qəbələ”də baş məşqçi işi düyünə düşdü – çözüm Amil Ağacanovdu?
Ölkə futbolu / Manşet





