Yeni baş məşqçidən Mahirə zərbə - "Rakuv" Emrelini "sildi"!

25.10.2026 21:59 369
Ölkə futbolu / Manşet
Mahir Emrelinin "Rakuv"da vəziyyəti gündən-günə pisləşir.

Bilindiyi kimi, Almaniya "Kayzerslautern"inə məxsus hücumçu icarə əsasında Polşa təmsilçisinin formasını geyir. O, yeni komandasında mövsümə əla start verdi. Daha dəqiqi, ilk 4 matçda 3 qol, 1 məhsuldar ötürməyə imza atmaqla formada olduğunu, 2-ci bundesliqada üzləşdiyi uğursuzluqların ona mənfi təsir etmədiyini göstərməyə çalışdı. İş ondadı ki, "Rakuv"un ardıcıl məğlubiyyətlərinin fəsadı Mahirdən də yan keçmədi. Fayda verməyən baş məşqçi dəyişiklikləri isə vəziyyəti daha da korladı.

Belə ki, komandanın yeni baş məşqçisi David Şvarqa "Rakuv"u meydana çıxardığı ilk oyunda - səfərdə "Visla"ya qarşı matçda Mahirə start heyətində şans vermədi! Nəticədə Emreli bu klubda ilk dəfə ilk "11-lik"dən kənarda qaldı.

Həmçinin "Rakuv" yenə uduzdu. Komanda hazırda 6 xalla sonuncu - 18-ci yerdədi. Futbolçunun isə bundan sonra da eyni halla üzləşib-üzləşməyəcəyini bilmirik.

Kəsəsi, Emreli üçün Polşada böyük ümidlərlə başlanan maraqlı macəra artıq təhlükəli hal alıb. O, ya yenidən start heyətində olmağın yollarını tapmalı, ya da karyerasındakı enişə boyun əyməlidi.

KƏNAN BAHADIR