"Bu cür rəqabətli oyunlar bizi daha da inkişaf etdirir" - Valdas Dambrauskas

25.10.2026 21:28 45
Ölkə futbolu / Manşet
"Sabah" Misli premyer-liqasının 9-cu turunda öz meydanında "Qarabağ"la heç-heçə etdi.

"Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauska oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

- Sanki hər iki komanda bir-birindən ehtiyat edirdi. Xüsusən də birinci hissədə...
- Düzdü, bu gün elə rəqibə qarşı oynadıq ki, keyfiyyətli komandadı. Hər iki komanda qalib gəlmək üçün əlindən gələni edirdi. Uzun müddət hücumda olduq. İki komandanın da müdafiə xətti bu gün yaxşı çıxış etdi. Birinci hissədə biz hücum edərkən rəqibi qapısına sıxışdırmışdıq. Birinci hissədə daha çox rəqibin müdafiə xəttinin arxasına verilən ötürmələr var idi, ikinci hissədə də çox idi. 0:0 hesabını ədalətli nəticə saymaq olar. Düzdü, bu gün qollar olmadı. Amma atmosfer, hər iki komandanın azarkeşləri möhtəşəm ab-hava yaratmışdı. Hansısa Avropa ölkəsinin liqa oyunundan fərq yox idi. Təəssüf ki, azarkeşlərə qollar hədiyyə edə bilmədik.

- Mərdəkan "Sabah" üçün Masazırdan daha əlverişlidi? Meydança, stadion sizi nə dərəcədə razı salır?
- Şübhəsiz ki, bugünkü yeni arenamız daha yaxşıdı. Azərbaycanın bütün stadionlarında olmamışam. Amma burda olan şərait, ot örtüyü ən yaxşılarından biridi. Bu gün bizim üçün məsafə çox önəmlidi. Əvvəllər Masazıra getmək üçün 1 saat 30 dəqiqə vaxt sərf edirdik. Avtobusda gedərkən uşaqlarda ürəkbulanması da olurdu. Ancaq indi bura gəlmək üçün 15 dəqiqə vaxt sərf edirik. Burdakı şərait daha yaxşıdı.

- Bir ara əsas heyət oyunçusu olmuş Rəhman Daşdəmirov artıq oynamır. Rəqabətdə uduzur?
- Rəhmanın bu ana qədər etdikləri çox önəmlidi, möhtəşəm işlər gördü. Bu mövsüm 50-dən çox oyunumuz olacaq. Bəzi mövqelərdə rotasiya etməliyik. Rəhman bizim üçün çox önəmli oyunçudu. Gələcəkdə də onu görə bilərik.

- "Sabah"ın futbolçuları üçün cəlbedici təklif gələrsə, köklənməkdə problem yarana bilər?
- Əlbəttə ki, bu cür təkliflər olsa, çox xoşbəxt olardım. Çünki bu, bizim oyunçularımızın, klubumuzun keyfiyyətini, gördüyü işi göstərəcək. Bununla fəxr edərdim. Müqavilələr sonsuz deyil, müqavilələr bitir, bəzən yenilərini axtaracağıq. Buna hazır olmalıyıq. Belə hallar baş verəcəksə, gedənlərin yerini gücləndirməliyik. Belə hallar yaşansa, çox xoşbəxt olaram.

- "Borussiya" və "Qarabağ"a qarşı oyunlar arasında hansı fərqlər var?
- Hər iki oyun bir-birindən fərqlidi, hər iki komandanın oyun tərzi fərqlidi. "Borussiya" üçlü müdafiə ilə çıxış edirdi, hücumda say üstünlüyü əldə edirdilər. "Qarabağ" daha fərqlidi, topla çıxışı fərqlidi. Çalışırıq ki, hər rəqibə fərqli yanaşaq. İndi bu oyun bitdi, "Turan Tovuz"la matçı düşünəcəyik. Futbolçularım möhtəşəmdi, vaxt azdı, onlara detallar verməlisən. Bəzən cəmi bir məşqimiz olur. Pressinqi, hücumları, standart vəziyyətləri işləməliyik. Bəzən bir məşqdə bunları çatdırmaq çətindi. Futbolçularıma təşəkkür edirəm, xırda detalları çox tez icra edirlər.

- Çempionluq mübarizəsindəki əsas rəqibləriniz - "Neftçi" və "Qarabağ"la oyunlarda qol vurmaq alınmadı. Bu iki oyundan məmnun ayrıldınız, yoxsa 4 xal itirmiş kimi?
- Hələlik bu barədə danışmaq çox erkəndi. Cəmi 8 oyun oynamışıq. Bu yarışda çox şeylər danışıla bilər. Siz belə fikirləşirsiniz. Amma onlar da öz aralarında xal itiriblər. Əlbəttə ki, məni sadəcə qalibiyyət məmnun edə bilər. Amma böyük məyusluq da yoxdu. Bəzi dəyişikliklər etmişdik. Çətin perioddan keçirik. Çox sıx qrafik var idi, ancaq şikayət edə bilmərik, ÇL-də oynamaq istəyirdik. Bu mövsüm çempionluq mübarizəsi ötən mövsümkündən daha ağır olacaq. "Neftçi" və "Qarabağ" bu yarışda olacaqlar, şübhəm yoxdu. Onların oyunçularının gözündə bu istək var. Bu cür rəqabətli oyunlar bizi daha da inkişaf etdirir. Ötən mövsüm "Qarabağ"a qarşı oyunlarımızdan - kaş ki, 200 belə oyun olsun - çox şey öyrəndik. "Qarabağ" möhkəm mentalitetə malik olan komandadı. O oyunlardan da çox şey öyrəndik. "Turan Tovuz", "Zirə", "Şamaxı"... Gəncədə "Kəpəz"lə oynamaq hansısa komanda üçün asandı? Çətindi. Gələcəkdə nələrin olacağını deyə bilmərik. Qarşıda 25 oyun var. Bizim üçün ən önəmli oyun qarşıdakı oyundu.