ÇL-də daha 6 oyun: “Barselona” ilə “Qalatasaray” da meydanda!

9.09.2026 21:05 0
Çempionlar Liqası
Bu gün Çempionlar Liqasında ilk tur həyəcanı davam edir. Yenə də iki oyun Bakı vaxtı ilə saat 20.45-də, dörd oyun isə 23.00-da başlayacaq. Günün afişası ilə tanış olun.
“Barselona” ilə “Feyenoord”un yolu 1974-dən bəri ilk dəfə kəsişib. “Barsa”nın ÇL-də keçirdiyi son 15 qarşılaşmada qapısını toxunulmaz saxlaya bilməməsi diqqəti çəkir. Qeyd edək ki, liqa mərhələsi yaranandan bəri, yəni son iki mövsümdə Kataloniya nəhəngi bu mərhələdə ən çox (50) qol vuran komandadı! İndiyə qədər səfərdə Almaniya təmsilçilərinə qarşı 6 oyunun hamısında qələbəyə həsrət qalan debütant “Vikinq” bu seriyaya “Ştutqart”la oyunda son qoymağa çalışacaq. 2024/25-də liqa mərhələsində keçirdiyi 8 qarşılaşmanın hamısında məğlub olan “Slovan”ın bu seriyası böyük ehtimalla davam edəcək. Çünki bratislavalıları ilk turda qorxulu Paris səfəri gözləyir. PSJ Liqa-1-də qəribə şəkildə keçirdiyi hər 3 oyunda qələbəyə həsrət qalıb və belə desək, acıq çıxmağa rəqib axtarır. “Slovan” da tam buna uyğun rəqibdi.
“Liverpul”la “Atletiko”nun yolu yenə 1-ci turda və yenə “Enfild”də kəsişir. Ötən mövsüm də bu komandalar 1-ci turda “Enfild”də qarşılaşmış və meydan sahibləri 3:2 üstün olmuşdular. Maraqlıdı ki, “Liverpul” indiyə qədər liqa mərhələsində İspaniya təmsilçilərinə qarşı keçirdiyi 6 oyunun heç birində uduzmayıbsa, “Atletiko” qrup/liqa mərhələsində İngiltərə təmsilçilərinə qarşı keçirdiyi 10 oyunun hamısında qələbəyə həsrət qalıb (4 heç-heçə, 6 məğlubiyyət).
ÇL-in son finalçısı “Arsenal”ın budəfəki macərası Neapolda start götürəcək. “Arsenal” ötən mövsüm ÇL-də həm ən az (7) qol buraxan, həm də ən çox (9) “quru” oyun keçirən komanda oldu. Ümumiyyətlə, penalti seriyasını nəzərə almasaq, London nəhəngi hazırda ÇL-də 15 oyunluq məğlubiyyətsiz seriyaya malikdi.


“Sportinq”lə “Qalatasaray” ümumilikdə avrokuboklarda 700-dən çox oyun keçirsələr də, bu, onların ilk qarşıdurması olacaq. İstanbul nəhənginin Lissabonda işi çox çətin olacaq. Komanda ÇL-in əsas mərhələsində iştirak etdiyi son 10 mövsümün yalnız birinə qələbə ilə başlayıb. Üstəlik “Qalatasaray” Portuqaliya təmsilçilərinə qarşı son 5 oyunun hamısında qələbəyə həsrət qalıb (1 heç-heçə, 4 məğlubiyyət). Ən əsası Türkiyə çempionu bu oyunda zədə üzündən döyünən ürəyi Viktor Osimhenin xidmətindən istifadə edə bilməyəcək.
Çempionlar Liqası
liqa mərhələsi, 1-ci tur
9 sentyabr
Barselona – Feyenoord
Cəzalı: E.Qarsiya/yoxdu
Hakim: Sven Yablonski (Almaniya)
Ştutqart – Vikinq
Cəzalı: Narti/yoxdu
Hakim: Nenad Minakoviç (Serbiya)
Liverpul – Atletiko
Cəzalı: yoxdu/Ortis
Hakim: Davide Massa (İtaliya)
Napoli – Arsenal
Cəzalı: yoxdu
Hakim: Qlenn Nüberq (İsveç)
PSJ – Slovan
Cəzalı: yoxdu
Hakim: Nikolay Balakin (Ukrayna)
Sportinq – Qalatasaray
Cəzalı: yoxdu
Hakim: Espen Eskos (Norveç)