"Sabah" birmənalı qarşılanmayan qərarın səbəbini açıqladı - təki peşman olmasınlar!

9.09.2026 21:55 0
Manşet / Avrokuboklar
Məlum olduğu kimi, "Sabah"ın Çempionlar Liqasının liqa mərhələsində ev oyunlarını keçirəcəyi stadion dəyişdi.

"Bayquşlar"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov daha əvvəl yerli mətbuata açıqlamasında matçların Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacağını demişdi. Lakin ötən şənbə oyunların Bakı Olimpiya Stadionunda olacağını öyrəndik.

Bəs, dəyişikliyin səbəbi nədi? "Azərsun Arena"nın ot örtüyündə görülən yenilənmə işləri ilə bağlı "Qarabağ"ın da "Tofiq Bəhramov"da oynaması və belədə ortaya çıxan qrafikin uyğunsuzluğu, yoxsa "Sabah" daha çox azarkeşdən dəstək almaq eşqinə düşüb?

Bu suallarla Elnur bəyə müraciət etdik. Onun "Football-plus.az"a cavabı:

"Bəli, "Sabah" Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi ev oyunlarına azarkeşlər tərəfindən böyük marağın olacağını nəzərə alaraq, UEFA-ya qarşılaşmaların Bakı Olimpiya Stadionunda təşkil olunması ilə bağlı müraciət edib. Klub olaraq, əsas məqsədlərimizdən biri mümkün qədər çox futbolsevərin bu tarixi oyunları stadiondan izləməsinə şərait yaratmaqdı".

Xatırladaq ki, "bayquşlar" oktyabrın 13-də "Slaviya"nı, 20-də Dortmund "Borussiya"sını, noyabrın 25-də "Barselona"nı, yanvarın 20-də "Napoli"ni qəbul edəcək.

KƏNAN BAHADIR