''Beşiktaş'' son anda qərarını dəyişdi

5.09.2026 15:25 24
Dünya futbolu
Türkiyədə yay transfer dönəminin son günündə, yəni sentyabrın 4-də ''Beşiktaş''la ''Samsunspor'' arasında Mustafa Həkimoğlu ilə bağlı anlaşma son anda qəribə şəkildə ləğv edildi.

''Beşiktaş''ın öz yetirməsi olan 19 yaşlı forvard səhər saatlarında transfer şərtlərini razılaşdırmaq və tibbi müayinədən keçmək üçün Samsuna yollandı. İki klub arasında birillik icarə ilə bağlı anlaşma əldə olundu. ''Samsunspor'' qarşı tərəfə heç bir icarə haqqı ödəməyəcəkdi. Sadəcə samsunlular Mustafanın ''Beşiktaş''dakı illik maaşını ödəmək öhdəliyini üzərinə götürdü. Amma günortadan sonra ''Beşiktaş'' qəribə şəkildə şərtləri dəyişməyə başladı. İstanbul nəhəngi əvvəlcə qarşı tərəfdən 2 milyon lirə, yəni 40 min avro icarə haqqı tələb etdi.

Maraqlıdı ki, ''Samsunspor'' rəhbərliyi həm futbolçunun şəhərə gəlməsini nəzərə alaraq, həm də iki klub arasında münasibətlərin pozulmaması üçün bu şərti qəbul etdi. Yəni bu transferin önündə artıq heç bir maneə qalmamışdı. Amma Mustafa rəsmi müqaviləyə imza atmağa hazırlaşarkən ''Beşiktaş'' son anda qərarını dəyişərək onu heyətdə saxlamağa üstünlük verdi!

Gənc forvarda bununla bağlı məlumat verildi və o, kor-peşman İstanbula qayıtmalı oldu. ''Samsunspor'' hadisələrin bu cür axarından sonra rəsmi bəyanat yayaraq qarşı tərəfi qınadı. ''Ağ-qırmızılar''in ''Beşiktaş''dan Türkiyə Futbol Federasiyasına şikayət edəcəyi gözlənilir.