“Məncə, nəticə oyuna görə olmadı” – “Sumqayıt”ın baş məşqçisi

6.09.2026 20:33 2
Ölkə futbolu / Manşet
Misli premyer-liqasının 4-cü turunda "Turan Tovuz"un qonağı olan “Sumqayıt" uduzdu - 1:2.

"Football-plus.az" xəbər verir ki, oyunsonrası mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi Filipe Kandido matç haqda fikirlərini bildirdi.

- Məncə, nəticə oyuna görə olmadı. Bu oyunda xallar qazana bilərdik. Nəticədən narazı qalsam da, komandadan razıyam. Hər oyun inkşaf edirik. Qarşıdakı oyunlarda daha da yaxşı olacağını düşünürəm. Oyun ərzində bir neçə dəfə yaxşı imkanlar əldə etdik. Onlardan yararlanmamaq bizim üçün pis idi. Alınmayanda nəticə belə olur.

- İkinci qoldan sonra məşqçilər korpusu ilə hakimlər arasında yaşanılan gərginlik nə ilə bağlı idi?
- Karyeram ərzimdə heç vaxt hakimlər haqda danışmamışam. Qərar qəbul edən onlardı. Daha çox öz komandam haqda düşünürəm. Sadə bir gərginlik oldu.

- İlk üç matçda çempionluğa namizəd komandalara qarşı oynadız…
- İlk oyunlarımızın çətin olacağını bilirdik. Oyundan-oyuna inkişaf edirik. Bütün rəqiblərə qarşı daha yaxşı oynamağa çalışacağıq. Əsas məsələ turnirin sonunda harda olmaqdı.

ƏSƏD SEYİDOV