Sevgilisi üçün Türkiyədən qaçan futbolçunun müqaviləsi ləğv edildi

6.09.2026 19:55 21
Dünya futbolu
Türkiyə çempionatında çıxış edən ''Kocaelispor'' avqustun əvvəllərində belə desək, başını götürərək Türkiyədən qaçan Həbib Keyta ilə bağlı qərarını verdi.

"Football-plus.az" xəbər verir ki, superliqa təmsilçisi malili yarımmüdafiəçi ilə müqavilənin pozulduğunu açıqladı.

Keyta ''Kocaelispor''a 2025-in yayında ''Klermon''dan gəlmişdi. Türkiyədə icarə əsasında keçirdiyi ilk mövsümdə yaxşı təsir bağışladığından ''Kocaelispor'' bu yay onu daimi əsasda transfer etmək qərarına gəlmişdi. Amma bir müddət sonra bu futbolçu yoxa çıxdı. Onun düşərgəni tərk edərək Fransaya, sevdiyi bir qızın yanına qaçması haqda xəbərlər Türkiyədə böyük ajiotaj doğurdu. Keyta özü bu xəbəri təkzib etsə də, onun indiyə qədər də harda olması və nə işlə məşğul olması barədə dəqiq xəbər yoxdu.

''Kocaelispor'' rəsmi açıqlamasında qeyd edib ki, Keyta başqa klubla müqavilə imzalayacağı təqdirdə bu futbolçudan şikayət ediləcək və təzminat tələb olunacaq. Klubun bütün israrlarına və tələblərinə baxmayaraq 24 yaşlı futbolçu Türkiyəyə dönməkdən imtina etdi. Bu üzdən ''Kocaelispor''un onunla müqaviləni birtərəfli şəkildə ləğv etməkdən başqa çarəsi qalmadı.