Həftəsonu və dünən premyer-liqada 3-cü turun oyunları keçirilib. Üçillik fasilədən sonra doğma meydana – Gəncə şəhər stadionuna qayıdan “Kəpəz” Qərb derbisində “Turan Tovuz”u qəbul edib. 15343 yerlik stadionda matçı 13500 tamaşaçı izləyib. Bu, cari mövsüm üçün premyer-liqada azarkeş rekordudu.
Bəs “Kəpəz” bilet satışından nə qədər pul əldə edib? “Football-plus.az” olaraq, satılan biletlərin qiymətlərini və təxmini satış sayını nəzərə alaraq, bölgə təmsilçisinin gəlirini hesablamağa çalışdıq.
3 manatlıq biletlər. Sayı 8100 olub, bu biletlərin, demək olar ki, hamısının satıldığını nəzərə alsaq, klubun gəliri təxminən 24300 manat təşkil edib.
5 manatlıq biletlər. Sayı 4500 olub. Bu biletlərin təxminən üçdəikisinin – yəni 3000 ədədinin satıldığını nəzərə alsaq, gəlir 15000 manat civarında olur.
10 manatlıq biletlər. Sayı 2000 olub. 10 manatlıq biletlərin təxminən 1500-nün satıldığını hesablasaq, bu kateqoriyadan da 15000 manat gəlir əldə edilib.
Beləliklə, yalnız 3, 5 və 10 manatlıq biletlər üzrə hesabladığımız zaman ümumi məbləğ təxminən 54300 manatdı.
Futbol Gəncəyə uzun fasilədən sonra qayıtdı, həmin gün şəhər rəhbərliyi və ölkə futboluna rəhbərlik edənlər də bu şəhərdə idi.
20 manatlıq biletlərin böyük hissəsi rəhbərliyə ayrılmışd. Bu səbəbdən həmin kateqoriyadan olan biletləri hesablamaya daxil etməmişik. Beləliklə, “Kəpəz” bu oyun üçün bilet satışından ən azı 50 min manat götürüb.
İSRAYIL XEYRULLAYEV
“Kəpəz” bilet satışından 50 min manat qazanıb!
Ölkə futbolu / Aktual






