6 oyunda cəmi 5 qol - “qısır” futbol...

1.09.2026 18:19 5
Ölkə futbolu / Manşet
Ölkə çempionatının 3-cü turu məhsuldarlıq baxımından antirekordla yadda qalıb.

Belə ki, 6 oyunda cəmi 5 qol vuruldu, orta məhsuldarlıq 0,83-ə bərabər oldu. “Qəbələ” – “Şamaxı” oyununda hesab açılmadı, “Şəfa” – “İmişli”, “Kəpəz” – “Turan Tovuz”, “Zirə” – “Neftçi”, “Araz-Naxçıvan” – “Sabah”, “Sumqayıt” – “Qarabağ” qarşılaşmalarında isə komandalardan biri bir top fərqi ilə qalib gəldi. Beləliklə, son 10 ilin məhsuldarlıq baxımından antirekordu yeniləndi. Daha aşağı göstəriciyə sonuncu dəfə 2016/17 mövsümünün 2-ci turunda təsadüf olunub. 2016-cı il avqustun 11-14-də keçirilən 4 qarşılaşmada cəmi 3 qol vurulub. Həmin vaxt orta göstərici 0,75 olub.

Bəs belə “qısırlığın” səbəbi nədi? Komandalar niyə indidən yalnız qapısını toxunulmaz saxlamaq haqda düşünür? Bu tendensiyanın əsas səbəblərini təqdim edirik.

“Qəbələ” – “Şamaxı”: Sxadadze üçün son şans
Kaxaber Sxadadzenin rəhbərliyi altında mövsümə uğursuz başlayan “Qəbələ” üçün bu görüş xüsusi əhəmiyyət daşıyırdı. Rəhbərliyin sonuncu dəfə şans verdiyi gürcü baş məşqçi riskə getməməyi üstün tutdu. Komandanın yay “transfer pəncərəsi”ndə heyətinə qatdığı ən önəmli futbolçulardan biri Karim Rossi yalnız 69-cu dəqiqədə meydana buraxıldı.

İlk iki turda xal itirən “Şamaxı” üçün də bu görüşdə ehtiyatlı davranmaq vacib idi. Nəticədə tərəflər risk etmədi və qarşılaşma qolsuz bitdi.

“Şəfa” – “İmişli”: xal itkisi qorxusu
“Şəfa” 2-ci turda qazandığı qələbədən sonra əldə etdiyi mövqeyi qorumaq istəyirdi. Bu səbəbdən komanda daha çox ehtiyatlı oyuna üstünlük verdi. “İmişli”nin hədəfi isə premyer-liqada qalmaqdı. İlk iki turda itirilən xalların əvəzini çıxmaq istəyən bölgə təmsilçisi də riskli futbola əl atmadı. Əks-hücumlardan ehtiyatlanan komanda yalnız 55-ci dəqiqədə hesabı dəyişə bildi. Bundan sonra isə əsas məqsəd hesabı qorumaq oldu.

“Kəpəz” – “Turan Tovuz”: “doğma divarlar”
“Kəpəz”in iddialı “Turan Tovuz”la qarşılaşdığı məlumdu. Gəncə təmsilçisi 3 illik fasilədən sonra doğma meydanda və azarkeşləri qarşısında rəsmi matça çıxırdı. Bu amil ev sahiblərinə əlavə motivasiya verdiyi halda, “Turan Tovuz” üçün görüşü daha çətinləşdirdi. “Bozqurdlar” ehtiyatlı davranaraq riskə getmədilər. “Kəpəz” isə bundan yararlanaraq hesabı açdı. Daha sonra Gəncə təmsilçisi üstünlüyü qorumağı və mümkün risklərdən yayınmağı seçdi.

“Zirə” – “Neftçi”: liderlik uğrunda ehtiyatlı mübarizə
Turun mərkəzi qarşılaşması liderlik uğrunda mübarizə aparan hər iki komanda üçün önəmli idi. Bu səbəbdən oyun əsasən mərkəzdə getdi. Tərəflər bir-birinin səhvindən yararlanmağa çalışır, eyni zamanda müdafiədə boşluq vermək istəmirdi.

Hissəyə əlavə olunan dəqiqələrdə “Zirə” “Neftçi”ni əks-hücumda yaxaladı və hesabı açdı. “Neftçi” yalnız son 20 dəqiqədə riskə getməyə başladı. Lakin azlıqda qalan “ağ-qaralar”ın cəhdləri nəticəni dəyişmək üçün kifayət etmədi.

“Araz-Naxçıvan” – “Sabah”: kuryozun kuryozu qol
Turda cəmi 5 qol vurula, onun da biri bu şəkildə! Patrik Orfe Mbinanın cərimə meydançası daxilindəki ötürməsi zamanı qapıçı ilə müdafiəçilərin fikri harda idi? – bu suala yalnız münəccimlər, falçılar cavab verə bilər. Elitada belə qollar nadir hallarda vurulur. Kuryozun kuryozu idi, vallah.

Bundan sonra “Araz-Naxçıvan” hesabı bərabərləşdirmək üçün müəyyən cəhdlər etsə də, “Sabah” son 25 dəqiqədə daha çox müdafiəyə çəkildi. Valdas Dambrauskas nəticəni qorumaq üçün bəzi əsas oyunçuları da meydana buraxdı. Nəticədə qarşılaşma 1:0 hesabı ilə başa çatdı.

“Sumqayıt” – “Qarabağ”: biri üçün xal, digəri üçün psixoloji yorğunluq
İlk turda “Neftçi”yə uduzan, 2-ci turda isə “Sabah”la görüşü təxirə salınan “Sumqayıt” bu dəfə iddialı “Qarabağ”la üz-üzə gəldi. Turnir cədvəlinin son pilləsində qərarlaşan “gənclik şəhəri” təmsilçisi üçün “Qarabağ”dan 1 xal almaq belə qənaətbəxş nəticə sayılırdı. Bu səbəbdən “Sumqayıt” risk etmədən oynamağa üstünlük verdi. “Qarabağ”da isə “Tvente” ilə oyundakı ağır məğlubiyyətin yaratdığı məyusluq və psixoloji yorğunluq hiss olunurdu. Kadinin qırmızı vərəqə alması vəziyyəti daha da çətinləşdirdi.

Braziliyalı futbolçunun hoqqabazlığı ayrıca müzakirə mövzusudu. Lakin həmin görüşdə “Qarabağ”ın ümumi oyununun da istənilən səviyyədə olmadığı açıq-aşkar görünürdü.

Ağdamlılar yalnız 45-ci dəqiqədə penalti sayəsində hesabı aça bildi. Bundan sonra azlıqda qalan “Qarabağ” əlavə riskə getmədi və əsasən əks-hücumlara üstünlük verdi.

İSRAYIL XEYRULLAYEV