''Fənər'' fiasko transferi ilə vidalaşır

1.09.2026 17:27 3
Dünya futbolu
Legioner limiti üzündən bu yay bir çox əcnəbi futbolçusu ilə yollarını ayırmalı olan ''Fənərbaxça''da daha bir ayrılıq yaşanmaq üzrədi.

Klubdan verilən rəsmi açıqlamada Dieqo Karlosa ''Parma'' ilə danışıqlar aparmaq üçün İtaliyaya yollanmağa icazə verildiyi bildirilib.

Braziliyalı müdafiəçinin ən qısa müddətdə A seriyası təmsilçisinə transferinin tamamlanacağı gözlənilir. ''Parma'' İstanbul nəhənginə heç bir məbləğ ödəməyəcək. Əvəzində Karlos ''Fənər''in ona olan borcundan tamamilə imtina edəcək.

Bir neçə gün öncə ''sarı-lacivərdlilər'' eyni şərtlərlə Sofyan Amrabatla da qarşılıqlı şəkildə müqaviləni ləğv etmişdi. Dieqo Karlosu əminliklə klub tarixinin ən fiasko transferlərindən biri adlandırmaq olar. ''Fənər'' təcrübəli oyunçunu 2025-in yanvarında ''Aston Villa''dan 11,47 milyon avroya transfer etmişdi. Karlos həmin vaxt klub tarixinin ən bahalı mərkəz müdafiəçisinə çevrilmişdi. Amma ''sambaçı'' oyun tərzinə görə ''Fənər''ə uyğun gəlmədi və ilk matçlardan kobud səhvlərə yol verdi. Üstəlik zədə alaraq uzun müddətə sıradan çıxdı. Ötən mövsümü isə icarə əsasında ''Komo''da keçirdi. Nəticədə ''Fənər'' bu cür bahalı futbolçunun xidmətindən cəmi 5 oyunda yararlandı və ilyarım sonra onu havayı buraxmalı oldu.

Bu arada idarə heyətinin üzvü Cihan Kamerin son açıqlamasına görə ''Fənər'' məşqçilər korpusunun planlarına daxil olmayan digər mərkəz müdafiəçiləri Bekao və Çağlar Söyüncü ilə də tezliklə vidalaşacaq. Bundan başqa zədə üzündən ''Roma''ya transferi baş tutmayan və Türkiyəyə geri dönən Ceyden Oostervolde yaxın günlərdə əməliyyat olunacaq.