Bəzən insanın düşüncə səviyyəsini anlamaq üçün onun başqasının uğuruna münasibətinə baxmaq kifayətdi.
Bir insan illərlə çalışır, zəhmət çəkir, öz sahəsində sistem yaradır, nəticə göstərir, ölkəsinin adını beynəlxalq səviyyədə tanıdır. İnsanlar onun uğuruna sevinir, onunla fəxr edir. Sonra bir gün nəsə alınmır. Bir oyun uduzulur. Bir futbolçu komandadan gedir. Bir mövsüm əvvəlki kimi uğurlu olmur. Və birdən həmin adamın illərlə gördüyü iş unudulur. Dünən qəhrəman olan bu gün günahkara çevrilir.
Sanki o illər yaşanmayıb.
Sanki bütün o qələbələr olmayıb.
Sanki Avropada Azərbaycan futbolunun adı eşidilməyib.
Sanki qurulan sistem heç mövcud olmayıb.
Bir anda bütün məsuliyyət bir insanın üzərinə yüklənir.
Və ən qəribəsi budu: onu qınayanların bir çoxu öz həyatında həmin miqyasda bir nəticə qazanmağı xəyalına belə gətirə bilməyib.
Buna nə deyək?
Absurd deyilmi?
Bəli, absurddu.
Qurban Qurbanovun “Qarabağ”da gördüyü işin miqyasını qiymətləndirmək üçün əvvəlcə bir həqiqəti qəbul etmək lazımdır:
Böyük nəticə təsadüfən yaranmır.
Bir mövsüm uğur qazanmaq olar.
Bəzən şans kömək edər.
Bəzən bir futbolçunun möhtəşəm oyunu nəticəni dəyişər.
Amma illərlə davam edən sabitlik təsadüf ola bilməz.
Qurban Qurbanov 2008-ci ildən “Qarabağ”ın baş məşqçisidir. Bu qədər uzun müddət ərzində bir komandanın başında qalmaq özü artıq peşəkarlıq və sabitlik tələb edir. Üstəlik, söhbət yalnız yerli yarışlardan getmir. “Qarabağ” illər ərzində Avropanın klub futbolunda Azərbaycanı təmsil edən əsas simalardan birinə çevrilib.
Bu nəticənin arxasında bir oyun, bir transfer, bir mövsüm dayanmır.
Burda sistem var.
İradə var.
Peşəkarlıq var.
Səbr var.
Və ən əsası, böyük məsuliyyət var.
Qurban Qurbanovun ən böyük uğuru bəlkə də ayrı-ayrı qələbələr deyil.
Ən böyük uğur qələbə gətirən bir sistem yarada bilməsidi.
Amma biz çox vaxt nəticənin özünü görürük, nəticəyə gətirən yolu görmürük.
Qalib gələndə hamı həmin sistemin tərəfdarı olur.
Uduzanda isə sistemin özü sorğu-suala çəkilir.
Bu, yalnız futbolun problemi deyil.
Bu, cəmiyyətimizin bir xüsusiyyətidi.
Biz nəticəni sevirik.
Amma nəticənin arxasındakı zəhməti həmişə qiymətləndirmirik.
Bir insan illərlə çalışır, uğur qazanır, bir gün səhv edir.
Biz onun səhvini görürük.
Amma onun on il ərzində düz etdiklərini unuduruq.
Bu, ədalət deyil.
Ədalət insanın yalnız son addımına yox, bütün yoluna baxmaqdı.
Bu gün Kamilo Duranın “Qarabağ”dan “Seltik”ə keçməsi də müzakirələrin mərkəzindədi. Duran 2025-ci ildə “Qarabağ”a qoşulmuş, bir mövsümdə 45 rəsmi oyunda 15 qol vurmuşdu. 2026-cı ilin iyulunda onun “Seltik”ə keçidi rəsmiləşdi və Şotlandiya mətbuatında transfer məbləği təxminən 6 milyon funt səviyyəsində göstərildi. “Qarabağ”ın transferlə bağlı açıqlamasında isə klubun təklifə müsbət cavab verməsində futbolçunun şəxsi istəyinin də nəzərə alındığı bildirildi. Deməli, məsələni, sadəcə, “Qurban Duranı satdı” cümləsinə sığışdırmaq doğru deyil.
Futbolçu da insandı.
Onun karyera arzusu var.
Daha böyük liqada oynamaq istəyi var.
Daha böyük klubda özünü sınamaq istəyi var.
Klubun da öz maraqları var.
Transfer bazarının da öz qaydaları var.
Bütün bunları bir kənara qoyub hadisəni yalnız məşqçinin şəxsi qərarı kimi təqdim etmək düzgün deyil.
Əslində bizim problemimiz Duran deyil.
Bizim problemimiz düşüncə tərzimizdi.
Niyə bir insanın illərlə qazandığı nəticəni bir uğursuzluqla silirik?
Niyə uğurlu insanın bir məğlubiyyəti onun bütün qələbələrindən daha çox diqqəti çəkir?
Niyə başqasının yaratdığı böyük işə qiymət verməkdə bu qədər xəsis, qüsur axtarmaqda isə bu qədər səxavətliyik?
Bəlkə də ona görə ki, başqasının uğuru insanı özü ilə üz-üzə qoyur.
Başqası böyük iş görəndə içimizdə səssiz bir sual yaranır:
“Bəs mən nə etmişəm?”
Bu sual ağırdı.
Ona görə də bəzən insan özünə baxmaq əvəzinə uğurlu adamın qüsurunu axtarır.
“Onun da səhvi var”
“Bunu mən də edərdim”
“Bəxti gətirib”
“Şəraiti yaxşı olub”
“Futbolçunu satdı”
Beləcə başqasının böyüklüyü kiçildilir və insan bir anlıq özünü rahat hiss edir. Amma nəticə yenə də ortadadı. Burda daha qəribə bir təzad yaranır.
Öz sahəsində Qurban Qurbanov səviyyəsində nəticə qazanmağı xəyalına belə gətirə bilməyən adam rahatlıqla Qurban Qurbanovun peşəkarlığını mühakimə edir. Heç bir komanda idarə etməyən adam onlarla futbolçunun məsuliyyətini daşıyan məşqçiyə dərs keçir. Heç bir sistem qurmayan adam qurulmuş sistemi bir gündə ləğv edir. Heç kimi yetişdirməyən adam futbolçu yetişdirən insana yol göstərir. Ölkənin adını beynəlxalq səviyyədə tanıtmaq üçün heç bir iş görməyən adam ölkəni Avropa futbolunda təmsil edən şəxsin illərlə gördüyü işi bir neçə cümlə ilə dəyərsizləşdirir.
Bu, absurd deyilmi?
Bəli, absurddu.
Amma burda söhbət insanların tənqid hüququnu əlindən almaqdan getmir. Əsla.
Qurban Qurbanov tənqid edilə bilərmi?
Əlbəttə.
Hətta edilməlidir.
Heç bir məşqçi səhvsiz deyil.
Heç bir rəhbər səhvsiz deyil.
Heç bir sistem mükəmməl deyil.
Azarkeşin fikir söyləmək haqqı da var.
Amma tənqid ilə hökm vermək arasında fərq var.
“Bu qərarla razı deyiləm” fikirdi.
“Bu transfer səhv idi” müzakirədi.
“Bu taktika işləmədi” təhlildi.
Amma “bu adam heç nə bacarmır” demək üçün onun bütün yolunu görməzliyə vurmaq lazımdı.
Bu isə artıq tənqid deyil.
Bu ədalətsizlikdi.
Məncə, insanın mənəvi səviyyəsini göstərən ən mühüm xüsusiyyətlərdən biri də başqasının böyüklüyünü qəbul etmək bacarığıdı.
Çünki hər adam başqasının uğuruna sevinə bilmir.
Bəziləri başqasının yüksəlişini özlərinin kiçilməsi kimi qəbul edir.
Başqası zirvəyə qalxanda özünü aşağıda hiss edir.
Onda nə edir?
Zirvədəkinin zirvəsini inkar etməyə çalışır.
Halbuki başqasının böyüklüyü sənin kiçikliyini sübut etmir.
Başqasının uğuru sənin uğursuzluğun deyil.
Başqasının yaratdığı dəyər səndən heç nə aparmır.
Əksinə, sən ondan öyrənə bilərsən.
Uğurlu insan görəndə ilk sualımız “onu necə tənqid edim?”
olmamalıdı. İlk sualımız “bu insan bunu necə bacardı?” olmalıdı.
Çünki uğur düşmən deyil.
Uğur məktəbdi.
Böyük nəticə təcrübədi.
Yaradılmış sistem öyrəniləcək bir nümunədi.
Qurban Qurbanovun “Qarabağ”da yaratdığı modeldən futbol adamları öyrənə bilər.
Gənc məşqçilər öyrənə bilər.
İdarəçilər öyrənə bilər.
Futbolçular öyrənə bilər.
Hətta azarkeş də öyrənə bilər.
Ən azı bir şeyi: sabit uğurlar necə qazanılır?
İnsan öz sahəsində Qurban Qurbanov qədər uğur qazanmaya bilər.
Bu, onun pis insan olması demək deyil.
Hər kəsin öz yolu var.
Amma bu da heç kimə başqasının illərlə yaratdığı böyük nəticəni heç bir ölçü qoymadan silmək haqqı vermir.
Çünki:
Tənqid üçün dil kifayətdir, amma qiymət vermək üçün ölçü lazımdır.
Və həmin ölçünün adı nəticədi.
Nə yaratmısan?
Nə dəyişmisən?
Kimləri yetişdirmisən?
Özündən sonra nə qoymusan?
Ölkəyə nə qazandırmısan?
Bu suallar insanı susdurmaq üçün deyil. İnsanı özünə qaytarmaq üçündü.
Bəlkə də bu gün Qurban Qurbanova qəzəblənənlərin əlinə balta yox, güzgü vermək lazımdı. Çünki baltanı başqasına qaldırmaq asandı. Güzgüyə baxmaq çətindi. Başqasının səhvini göstərmək asandı. Öz səhvini etiraf etmək çətindi. Başqasının uğurunu kiçiltmək asandı. Özündən bir uğur yaratmaq çətindi. Başqasının qurduğunu dağıtmaq asandı. Özün nəsə qurmaq isə ömür tələb edir. Ona görə həmin sualı bir daha vermək lazımdı:
Sən ölkə üçün nə etmisən ki, Qurban Qurbanovu qınayırsan?
Sən öz sahəndə hansı zirvəni fəth etmisən?
Hansı sistemi yaratmısan?
Neçə insan yetişdirmisən?
Ölkənin adını beynəlxalq səviyyədə harda tanıtmısan?
Özündən sonra hansı nəticəni qoymusan?
Bunların cavabı yoxdursa, heç olmasa bir şeyi bacar:
Yaradan insanın əməyinə hörmət et.
Çünki yaratmaq çox çətindi.
Dağıtmaq isə çox asandı.
Qurban Qurbanov səhv edə bilər.
“Qarabağ” uduza bilər.
Bir dövr bitə bilər.
Bir futbolçu gedə bilər.
Bir mövsüm uğursuz ola bilər.
Bunların hamısı futbolun və həyatın içindədir.
Amma uzun illərin yolunu bir gecənin nəticəsi ilə ölçmək olmaz.
Böyük işi bir səhvlə silmək olmaz.
Yaradan insanı bir uğursuzluqla dəyərsizləşdirmək olmaz.
Çünki zirvəyə çıxmaqdan daha çətini zirvədə qalmaqdır.
Qurban Qurbanovun qarşısında indi yeni mərhələdi.
Bəlkə də əvvəlkindən daha çətin.
Bəlkə də daha məsuliyyətli.
Amma bir həqiqət dəyişmir:
Uzunmüddətli uğur təsadüf deyil.
Bir uğursuzluq da hökm deyil.
Sistem yaşayırsa, hekayə bitməyib.
Və son olaraq...
Başqasının əməyini mühakimə etməzdən əvvəl insan bir anlıq dayanmalıdı.
Əlindəki baltanı yerə qoymalıdır.
Özünə baxmalıdır.
Və özündən soruşmalıdı:
“Mən öz həyatımda nə yaratmışam?”
Çünki başqasının qurduğunu bir gündə dağıtmaq istəyən adamın əvvəlcə öz həyatında nə qurduğuna baxması lazımdır.
Sən ölkə üçün nə etmisən ki, Qurban Qurbanovu qınayırsan?
Bəlkə də bu sual Qurban Qurbanovdan çox, bizim özümüz haqqımızda düşünməyimiz üçün verilməlidi.
DÜZGÜN ATALI
Qurban Qurbanova qəzəblənənlərin əlinə balta yox, güzgü vermək lazımdı
Manşet / Yazarlar






