"Football-plus.az" xəbər verir ki, UEFA-da narazılıq yaradan əsas məsələ İnfantinonun irəli sürdüyü “Forward Enterprise” layihəsidi. Bu təşəbbüs xüsusi sərmayədarların kişi və qadınlar arasında dünya çempionatının kommersiya hüquqlarında pay əldə etməsini nəzərdə tuturdu. FİFA sonradan dünya futbol ictimaiyyətinin böyük təzyiqini nəzərə alaraq layihədən imtina etdi. Buna baxmayaraq, UEFA-nın İnfantinonun postundan uzaqlaşdırmağa çalışdığı, ona təzyiqi müxtəlif futbol təşkilatları vasitəsilə getdikcə artırdığı heç kimə sirr deyil.
Bəzi mənbələr Aleksander Çeferinin isveçrəli funksionerin yerinə göz dikdiyini iddia edirdi. Lakin UEFA-nın prezidenti 2027-ci ilin martında keçiriləcək prezident seçkisində iştirak etməyəcəyini açıqlayıb.
Çeferin İnfantinoya rəqib olmaq niyyətində olmadığını bildirib. O, FİFA-nın prezidenti vəzifəsində maraqlı olmadığını deyib. Çeferin UEFA-dakı hazırkı işini yüksək qiymətləndirdiyini də söyləyib. Yeri gəlmişkən, Çeferin UEFA-ya 2016-cı ilin sentyabrından rəhbərlik edir və bu vəzifəyə iki dəfə yenidən seçilib. O, eyni zamanda FİFA-nın vitse-prezidentidi.
Dünya futbolu üçün xoş xəbərlər də var. UEFA-nın İnfantinoya etimadsızlıq səsverməsini təşkil etməyi planlaşdırdığı iddia edilirdi.
Qeyd edək ki, bunun üçün ali futbol qurumuna üzv olan assosiasiyalardan dörddəüçünün səsi tələb olunurdu. Amma bu da var ki, 159 səsi təmin etmək heç də real görünmürdü. Hər necə olsa, UEFA bu niyyətindən imtina edib və bu, FİFA-da sevinclə qarşılanıb.
Diqqəti cəlb edən digər məqam UEFA-nın gənclər arasında dünya çempionatını boykot etmək planından imtina etməyə hazırlaşmasıdı. “Reuters”in məlumatına görə, UEFA-nın rəsmiləri qarşıdakı günlərdə Monakoda keçiriləcək görüşdə boykotun ləğvi üçün şərtlərin yerinə yetirildiyini açıqlayacaqlar. Artıq UEFA-nın FİFA-dan dünya çempionatı və digər böyük turnirlərin kommersiya hüquqlarının özəl sərmayədarlara satılması planının yenidən gündəmə gətirilməyəcəyinə dair təminat aldığı bildirilir. Lakin Avropanın futbol qurumu qərarını geriyə atılan addım kimi qiymətləndirmir:
“Bu, UEFA-nın məğlubiyyəti deyil. Əksinə, gənc futbolçuları həyatlarında bəlkə də bir dəfə əldə edə biləcəkləri fürsətdən məhrum etməmək üçün qəbul olunan reallıqdı. Dəyişikliklərlə bağlı fəaliyyət və tələblər davam edəcək”.
UEFA-nın bəyanatında vurğulanan son fikir FİFA-da bundan sonra da baş verə biləcək nöqsanlara göz yumulmayacağına işarədi. İstənilən halda UEFA-nın bəzi hərəkətləri ali futbol qurumunda qıcıq doğurmaya bilməz. Təşkilatlar arasında son vaxtlar yaranan gərginlik hakimliklə bağlı qərarlarda da özünü göstərir.
Bilindiyi kimi, UEFA somalili hakim Omar Artanı avqustun 12-də Zaltsburqda keçirilən Avropa Superkubok oyununa təyin edib. PSJ ilə “Aston Villa” arasında keçirilən və parislilərin qələbəsi (2:1) ilə başa çatan həmin matçda Artanın fit çalması diqqəti cəlb edib. Xatırladaq ki, FİFA bir müddət əvvəl onu ABŞ-də keçirilən dünya çempionatının final mərhələsi üçün hakimlərin siyahısından çıxarmışdı.
UEFA bununla da kifayətlənməyib. “Mundo Deportivo” nəşrinin məlumatına görə, somalili hakimi Avropa futbol qurumunun yeni mövsüm ərəfəsində keçiriləcək ilk hakimlik seminarına da xüsusi dəvət alıb.
Avqustun 31-dən sentyabrın 2-dək İsveçrənin Cenevrə şəhərində keçiriləcək seminarda Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının yeni mövsümü ilə bağlı əsas hakimlik qaydaları və göstərişləri müzakirə olunacaq. Artan tədbirdə UEFA-nın 35 elit və 61 birinci kateqoriyalı hakimi ilə birlikdə iştirak edəcək.
Bu arada İnfantinonun əleyhdarlarının sayı durmadan artır. İtaliya Futbol Federasiyası (İFF) FİFA-nın prezident seçkisində onu dəstəkləməyəcəyini rəsmən açıqlayıb. Bu barədə prezident Covanni Malaqo İFF-nin rəsmi saytına açıqlamasında bildirib:
“Futbolun idman prinsiplərinə, həmrəyliyə, davamlılığa və azarkeşlərin əsas roluna söykənən inkişafı üçün UEFA və digər Avropa federasiyaları ilə əməkdaşlığı davam etdirəcəyik. Futbolun inkişafına və yeniliklərin tətbiqinə imkan verən, eyni zamanda onun əsas prinsiplərini qoruyan dialoq, şəffaflıq və ortaq məsuliyyət modelini dəstəkləyirik”.
İnfantinonun kişi və qadınlar arasında futbol turnirlərinə nəzarət edəcək “Forward Enterprise” şirkətinin yaradılması təşəbbüsü heç də birmənalı qarşılanmayıb. FİFA-nın hesablamalarına görə, bu layihənin həyata keçirilməsi təxminən 4,2 milyard dollar əlavə gəlir gətirə, həmçinin təşkilata üzv assosiasiyaların gəlirlərinin artmasına və dünya futbolunun inkişafına töhfə verə bilər. Lakin bu təşəbbüs bir sıra futbol konfederasiyaları və təşkilatların ciddi etirazına səbəb olub. UEFA, KONKAKAF, AFK və KONMEBOL layihəni dəstəkləməkdən imtina edib.
UEFA, həmçinin, bu konsepsiyadan rəsmi şəkildə imtina olunana qədər FİFA-nın təşkil etdiyi turnirləri boykot etmək niyyətində olduğunu açıqlamışdı.




