Messi poker etdi, ''İnter Mayami'' ilk dəfə bir oyuna 7 qol vurdu

30.08.2026 14:39 10
Dünya futbolu
MLS-də növbəti oyunlar keçirilib. Son vaxtlar qara zolağa düşən ''İnter Mayami'' nəhayət, fanatlarını inamlı, hətta tarixi qələbə ilə sevindirib.

Son çempion doğma meydanda ''Monreal''ı 7:1 hesabı ilə darmadağın edib. Floridalılar rəsmi matçlarda 5 oyunluq qələbəsiz seriyaya son qoyublar. Özü də bu, Lionel Messinin istəyi ilə baş məşqçi postuna gətirilən Kili Qonsalesin debüt oyunu idi. Qarşılaşmaya məhz Messi damğa vurdu. ''Qızıl top''un 8 qat qalibi ikisi cərimə zərbəsindən olmaqla 4 qol vurdu!

Ardıcıl 3-cü rəsmi oyunda fərqlənən Leo MLS-də bu mövsüm vurduğu qolların sayını 18-ə çatdırdı. O, ''Dallas''lı Petar Musanı (16) geridə qoyaraq bombardirlər yarışında zirvəyə yüksəldi. Messi peşəkar karyerasında 8-ci dəfə bir oyuna ən azı 4 qol vurdu. O, sonuncu pokerini 2020-nin fevralında ''Barselona''nın heyətində La Liqa çərçivəsində ''Eybar''la oyunda rəsmiləşdirmişdi.

Onu da bildirək ki, ''İnter Mayami'' tarixində ilk dəfə bir MLS matçında 7 qol vurdu. Turnirin rekordu isə 8 qoldu. 1998-də ''Los Anceles Qalaksi'' ''Dallas Bern''i 8:1 darmadağın edib.