"Sabah" Hayfa "Makkabi"sinə 100 min avro ödəməlidi! - liqa mərhələsində olduğuna görə

28.08.2026 10:54 19
Aktual / Avrokuboklar
Çempionlar Liqasında bu mövsüm debüt edən "Sabah" liqa mərhələsinə vəsiqə qazanmaqla uzun illər unudulmayacaq uğura imza atdı. Odu ki, "bayquşlar"ın dillərdən düşməməsi, "Hapoel"lə cavab oyununda yaşananlar barədə xəbərlərin saytlarda və sosial şəbəkələrdə ən çox izlənilənlər sırasında yer alması təsadüfi deyil.

Əlbəttə, biz bu uğuru böyük sevinc, qürur hissi ilə qarşıladıq. Bəs, İsraildə durum necədi? Beer-Şeva "Hapoel"inin böyülhesablı məğlubiyyətini yerli publika necə qarşılayıb? Sizi ümumi mənzərə ilə tanış etmək üçün İsrailin ən məşhur idman portallarının və yerli jurnalistlərin mövqeyi ilə tanış edirik.

"Bəli, Avropa Liqası da dadlıdı, ancaq, sadəcə, konfet kimi"
İtzik Saso (idman jurnalisti): "Hər şey "Hapoel"in ayaqları altında idi. Artıq hamı beer-şevalıların tarixində ilk dəfə Çempionlar Liqasının liqa mərhələsində çıxış edəcəyinə görə sevinirdi. Azərbaycanlı azarkeşlər stadionu tərk etməyə başlamışdı. Hətta "Hapoel" rəsmiləri artıq Çempionlar Liqasının püşkatma mərasimi üçün yola düşməyə hazırlaşırdılar. Lakin yer bir anda "Hapoel"in ayaqlarının altından qaçdı. Tellur Mütəllimovun sona 18 saniyə qalmış vurduğu qol hər şeyi alt-üst etdi. Azərbaycanlı futbolçunun zaman seçimi hamını heyrətə gətirdi. Onun qolu ürəyimizə ox kimi batdı. Etiraf edim ki, həmin ana qədər "Hapoel"in qazancını hesablamaqla məşğul idik, uğuru necə qeyd etmək haqda düşünürdük. Qəddarcasına vurulmuş qol hamımızı yerlə yeksan edənə qədər hər şey çox yaxşı görünürdü. Amma "Sabah" "tortumuzu əlimizdən aldı". Bəli, Avropa Liqası da dadlıdı, ancaq, sadəcə, konfet kimi".

Məğlubiyyətin əsas səbəblərdən biri Azərbaycan çempionatında legioner limitinin olmamasıdı
"Ynet": "Sabah" "Hapoel"i həm əsas, həm də əlavə vaxtda əzdi. Ümumiyyətlə, Beer-Şeva klubu Bakıda hansısa hissəni hesabda öndə tamamlamadı. Ancaq bunun üçün yalnız bütün klubu günahlandırmaq olar. Bu gün hansısa futbolçunun səhvindən, Ran Kojuxun yanlış qərarından bəhs etmək yerinə düşmür. Öz aramızdı, günahkar axtarırıqsa, hakimi də hədəf ala bilərik. Düzü, elə "Hapoel" də belə düşünür. Klubdan saytımıza verilən məlumatda bildirilir ki, yaxşı oyun keçirmədiklərini bilirlər. Qələbə qazansalar, milyonlarla avro əldə edəcəkdilər. Daha da varlanacaqdılar. Ancaq rəqib buna imkan verməyib. Əsas səbəblərdən biri Azərbaycan çempionatında legioner limitinin olmamasıdı. "Hapoel"in fikrincə, "Sabah" əcnəbi futbolçular və maliyyə gücü sayəsində qələbə qazanıb. O başqa məsələ ki, rəqibin büdcəsi "Hapoel"in büdcəsindən daha azdı. Həmçinin, Beer-Şeva təmsilçisi qırmızı vərəqə alan futbolçularının haqsızlıqla üzləşdiyini bildirir. Cibril Diop ikinci "sarı"nı səbəbsiz yerə alıb. Futbolçunun özü də bu qərarla barışmır. Eliel Perets isə hakimdən, sadəcə, söz soruşub, daha doğrusu, qayda pozuntusu olub-olmadığını dəqiqləşdirməyə çalışıb və qarşısında ikinci dəfə sarı vərəqə görüb. "Hapoel"lə bağlı daha bir maraqlı məqam var. Belə ki, "qırmızılar"ın tribunalarda 650-yə yaxın azarkeşi var idi. Kojux dedi ki, o, tərəfdarların nə özünü, nə də futbolçusu Diopu komandada görmək istəmədiyindən xəbərdardı. Ancaq onu da bildirdi ki, nə özü, nə də oyunçu "Hapoel"dən gedəcək. Sadəcə, daha yaxşı olmağa çalışacaqlar. Mütəxəssisin açıqlaması azarkeşlərin etiraz dalğasını daha da böyütdü. Hadisələrin axarı maraq doğurur".

Hayfa "Hapoel"indən alınan Severinanın müqaviləsində xüsusi bənd
"One": "Düzdü, "Sabah" Beer-Şeva "Hapoel"ini mübarizədən kənarlaşdırmaqla milyonlarla avro qazanc əldə etməsinə mane oldu. Ancaq Azərbaycan klubunun qələbəsi başqa bir İsrail klubuna 100 min avro qazandırdı. Söhbət Hayfa "Makkabi"sindən gedir. Belə ki, bu komandadan "Sabah"a transfer olunan Xander Severinanın müqaviləsində olan bəndə əsasən, futbolçu uğur qazanacağı təqdirdə "Makkabi"yə ödəniş edilməlidi. Bu səbəbdən "Sabah" Hayfa təmsilçisinə 100 min avro bonus verəcək. Xatırladaq ki, Azərbaycan komandası Severinanı almaq üçün qarşı tərəfə 450 min avro ödəmişdi".

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul