“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşündə “Tvente”yə məğlub olub – 1:4.
Matçdan sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.
- İstəməzdim ki, pley-off mərhələsində məğlub olaq. Hər kəs çox həvəsli idi. Futboldu belə anlar olur. Yaxşı vuruşduq. Ümumilikdə çoxlu səhvlərimiz oldu. Vuruşan kollektiv idik. Rəqibi təbrik edirəm. Çox istərdik ki, qruplarda iştirak edək. Növbəti il daha məsuliyyətli olacağıq. Futbolçularıma və azarkeşlərə təşəkkür edirəm.
- 2 oyunda da hesabı siz açdız. Bəs, matçda qırılma nöqtəsi nə oldu?
- Hücumda bir az çatışmamazlıq oldu. Rəqibdən daha yaxşı şəkildə davranmalı idik. Bu baş tutmadı.
- Növbəti 1 ildə nə edəcəksiz?
- Biz heyəti yenidən qurmağa başlayanda rəhbərliklə bu barədə danışığımız olmuşdu. Özümüz də bilirdik ki, belə hallar yaşanacaq. Dekabra kimi vaxt lazımdı. Yeni kollektivlə Avropada oynasaydıq daha yaxşı olardı. Məsuliyyətli futbolçularımız var. Bu daha yaxşı təsir edə bilər. Buna baxmayaraq komandanı toparlamağa çalışırıq. Biz daha çox pozitiv olmalıyıq. Futbol 3-4 il əvvəlki kimi deyil, daim inkişaf edir. Nəinki belə rəqiblərə qarşı qələbə, başabaş oynamaq üçün vaxt lazımdı.
- Sizin ən sevdiyiniz rəqəm 13-dü. 13-cü mövsümdə dayandınız. “Tvente” ilə başlayan hekayə “Tvente” ilə bitdi... Və Bruno Lanqa necə zədələndi?
- Mən belə şeylərə inanmıram. Bu gün olmasa, bəlkə heç sabah da olmayacaqdı. Bu barədə çox danışmaq istəmirəm. Lanqa toqquşmadan sonra özünü narahat hiss etdi.
- 4 mövsüm bundan öncə “Qalatasaray” 13-cü olmuşdu, sonrakı 4 ildə ölkə çempionu oldu. Bu nəticəni “Qarabağ”dan gözləmək olar?
- 13-cü olmarıq (gülür). Liqa artıq daha çətinləşib. “Zirə”, “Neftçi”, “Turan Tovuz”, “Sabah” var. Əlimizdən gələni edəcəyik.
- “Sabah”ın “Barselona” ilə qarşılaşması haqqında nə deyərsiz?
- Mən “Sabah”a azarkeşlik edəcəm. Bizə başqa rəqiblər düşmüşdü, qismət olmamışdı. “Sabah”a uğurlar arzulayıram.
- Qələbənin memarı çox adam ola bilər. Məğlubiyyətdə isə oxlar sizə yönəlib. “Qarabağ” bu yeni transferlərdə gecikmədi?
- Gecikdi. Bu futbolçular 10 gün öncə alınsaydı, daha uğurlu ola bilərdi. Zədəli futbolçularımız da vardı. Onlar olsaydı, bəlkə burda belə danışmazdıq.
- Çempionlar Liqasında “Sabah”ın mübarizə aparması sizin çempionluq şansınızı artıracaq?
- İnşallah “Sabah” ÇL-də oynayacaq. Onların yaxşı vaxtıdı. İnanmıram ki, bu, onlara mane olsun. “Qarabağ” ötən mövsüm çox yorulmuşdu. Sonda motivasiya aşağı düşmüşdü. “Sabah”da isə vəziyyət daha sağlamdı. Yaxşı təşkilatlanmış klubdu. Biz ilk dəfə ÇL-də çıxış edəndə daha yaxşı idik. Tam sağlam heyət var idi.
İSRAYIL XEYRULLAYEV
“Bu futbolçular 10 gün öncə alınsaydı, daha uğurlu ola bilərdi” - Qurban Qurbanov
Avrokuboklar / Manşet






