Fariz Yusifov da "Turan Tovuz"un qolunun sayılmamasına haqq qazandırdı - "Rəhim bəyin açıqlamasıyla tam razıyam"

27.08.2026 13:30 21
Aktual / Ölkə futbolu
Bilindiyi kimi, 2-ci turun "Turan-Tovuz" - "Şamaxı" matçında meydan sahiblərinin 76-cı dəqiqədə vurduğu qol sayılmadı.

"Bozqurd"un sosial şəbəkə hesablarında yayınladığı videodan topun qapı xəttini tam keçdiyi göründü. AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov isə bunun əldə olan kamera görüntülərindən tam aydın olmadığını əsas gətirərək baş hakim Rauf Cabbarova haqq qazandırdı. Həmçinin VAR-ın hadisələrin axarına müdaxilə etməməsinin doğru olduğunu bildirdi.

Həmin epizod və yekun qərar barədə sabiq FİFA referisi Fariz Yusifovun da fikirlərini öyrəndik. Onun "Football-plus.az"a cavabı:

"Dramatik oyun idi. Çox təəssüf ki, VAR sistemi müəyyən qaydalardan kənara çıxa bilmir. Epizodda hər şey aşkar görünürsə, müdaxilə etmək, hakimin qərarı ilə bağlı müzakirə aparmaq olar. Ancaq burda dəqiq görüntü yox idi. "CBC Sport"un çəkilişindən topun qapı xəttini keçib-keçmədiyini aydınlaşdırmaq mümkün deyil. Belədə ortaya qaranlıq məqamlar çıxır. Rəhim Həsənovun açıqlaması qaydalara tam uyğundu. Qərar həmin məqamda əldə olan görüntülərə əsasən verilib. Açığı, belə problem yaranmaması üçün hakimlərdən çox çəkilişlərin keyfiyyətinə önəm vermək lazımdı. Qapı xəttinə yaxın olan yerlərdə kameralara ehtiyac var. Operariv, aydın görüntülər olmalıdı. Əks halda, heç kim məsuliyyəti üzərinə götürüb, qolu saya bilməz. Bu üzdən həm hakimin qərarı, həm də Rəhim bəyin açıqlaması ilə tam razıyam".

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul