Dieqo Rosa gəlir, yoxsa gəlmir? - “Qarabağ”la “Neftçi” arasında növbəti mübarizə meydanı

24.08.2026 10:52 47
Ölkə futbolu / Aktual
Azərbaycan futbolunda transfer gündəminin diqqətçəkən mövzularından biri APOEL-in braziliyalı yarımmüdafiəçisi Dieqo Rosa ilə bağlıdı.

“Football-plus.az” xəbər verir ki, 23 yaşlı futbolçu ilə ölkənin iki köklü klubu – “Qarabağ” və “Neftçi” maraqlanır. Cənubi Kipr klubunun futbolçusu uğrunda iki Azərbaycan nəhəngi arasında transfer mübarizəsi başlayıb.

Rosa müdafiəyəmeyilli yarımmüdafiəçi mövqeyində oynayır. “Transfermarkt”da braziliyalının bazar dəyəri 1,5 milyon avrodu. Rosa APOEL-ə ötən ilin avqustunda qoşulub, müqavilə müddəti 2028-ci ilin mayına qədər qüvvədədi.

Braziliyalı futbolçu ötən mövsüm Cənubi Kipr çempionatında 30 oyunda 2242 dəqiqə meydanda olub, 2 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Braziliyalı futbolçu ölkəsində “Qremio”, “Bahya” və “İnternasyonal” kimi klubların formasını geyib. O, həmçinin İngiltərənin “Mançester Siti” klubuna məxsus olub və “Lommel”də icarə əsasında çıxış edib. 23 yaşlı yarımmüdafiəçinin MS təcrübəsi keçməsi də onun karyerasının diqqətçəkən detallarındandı. Rosa Braziliyanın aşağı yaş qrupları üzrə milli komandalarında da çıxış edib.

Dieqo Rosa Azərbaycana gələcəksə, seçimi “Qarabağ”, yoxsa “Neftçi” olacaq? Əldə etdiyimiz məlumata görə, “Neftçi”nin planı futbolçunu birilliyə icarəyə götürmək və onun maaşını tam şəkildə qarşılamaqdı. “Qarabağ” isə braziliyalı üçün APEOL-ə 150 min avro icarə haqqı təklif edib. Bundan başqa, Ağdam təmsilçisi futbolçu mövsüm ərzində oyunların ən azı 50 faizində meydana çıxacağı təqdirdə onun transfer hüquqlarına görə 850 min avro ödəməyə hazır olduğunu bildirib. Cənubi Kipr klubu isə hələlik təkliflərdən heç birinə müsbət cavab verməyib.

İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul