“Həmin insident stadion ərazisindən kənarda baş vermişdi” – “Sabah” yəhudiləri qarşılamağa necə hazırlaşır?

23.08.2026 22:48 13
Manşet / Avrokuboklar
Çempionlar Liqasında pley-offun cavab görüşünə çıxacaq “Sabah” çərşənbə axşamı Tofiq Bəhramov adına Respublika stadionunda İsrail “Hapoel”ini qəbul edəcək. Bu oyuna maraq yetərincə böyükdü. İsrail mediasında yer alan məlumatlara görə, “Hapoel”in təxminən 1900 azarkeşi Bakıya gələcək.

Xatırladaq ki, “Orhus”la matçda “Sabah” azarkeşləri ilə rəqib komandanın tərəfdarları arasında qarşıdurma baş vermişdi. Bu səbəbdən “bayquşlar”ın hansı təhlükəsizlik tədbirlərini icra edəcəyi böyük maraq doğurur.

“Football-plus.az” bu məsələ ilə bağlı detallı məlumat almaq üçün klubun mətbuat katibi Elnur Həmidovla əlaqə saxlayıb:

“Hələlik rəqib azarkeşlər tərəfindən təxminən 500-600 nəfərlik müraciət daxil olub. Amma oyun gününə qədər bu sayın artma ehtimalı var. Klub olaraq, təhlükəsizlik məsələlərinə daim həssas yanaşmışıq. “Orhus”la Masazırda keçirilən oyunda da stadionda bütün təhlükəsizlik tədbirləri tam şəkildə yerinə yetirilmişdi. Həmin insident isə stadion ərazisindən kənarda baş vermişdi. Polis vaxtında müdaxilə edərək hadisənin böyüməsinin qarşısını almışdı.

Əlbəttə, bu oyunda da bütün təhlükəsizlik tədbirlərini tam şəkildə yerinə yetirəcəyik. Bununla yanaşı, rəqib azarkeşlərin də üzərinə müəyyən məsuliyyət düşür. Onlar maksimum şəkildə bu cür insidentlərə səbəb ola biləcək hallardan uzaq durmalı, qarşı tərəfi təxribata çəkməməli və yalnız onlar üçün ayrılmış yerlərdən istifadə etməlidi. Bununla bağlı qarşı tərəfə də müvafiq məlumatlar verilib. İnanıram ki, bu oyunda hansısa insident yaşanmayacaq və qarşılaşma tam təhlükəsiz şəkildə başa çatacaq”.


İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul