"Football-plus.az" xəbər verir ki, klubun mətbuat xidmətinə danışan Tahir Gözəl Niderlanddakı ilk qarşılaşmada əldə olunan qələbə və Bakıda baş tutacaq cavab görüşü barədə fikirlərini bildirib:
“Bir neçə gün əvvəl Niderlandda “Tvente”yə qarşı komandamız möhtəşəm oyun nümayiş etdirdi və ən əsası, Bakıya çox dəyərli qələbə ilə qayıtdıq. “Tvente” köklü futbol ənənələri və böyük tarixi olan güclü klubdu. Niderland futbolunun Avropadakı səviyyəsi hər kəsə məlumdu. UEFA reytinqində yüksək pillələrdə qərarlaşan bir ölkəni təmsil etmək və ordan avrokuboklara vəsiqə qazanmaq heç də asan deyil. Üstəlik, “Tvente” hazırda çox yaxşı formadadı. Enşededə stadiondakı ab-hava da xüsusi qeyd olunmalıdı. Azarkeşlər 90 dəqiqə ərzində komandalarına inanılmaz dəstək verdilər. Belə bir atmosferdə qalib gəlib ölkəmizə qayıtmaq bizim üçün çox qürurverici və sevindirici oldu. Amma bu qələbə işimizin bitməsi demək deyil. Qarşıda Bakıdakı cavab oyunu var. İnanıram ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda bu dəfə bizim azarkeşlərimiz elə bir ab-hava yaradacaqlar ki, komandamız onların gücünü meydanda hər dəqiqə hiss edəcək. Bütün azarkeşlərimizi həmin gün stadionda gözləyirik. Bu yolu birlikdə davam etdirməliyik. Avqustun 25-də isə “Sabah”ın çox vacib avrokubok oyunu var. “Sabah” güclü və oturuşmuş heyət formalaşdırıb, son Azərbaycan çempionudur və avrokuboklarda da ölkəmizi layiqincə təmsil edir. Qarşıdakı rəqib çox güclüdü və məhz belə oyunlarda azarkeş dəstəyi xüsusi rol oynayır. İnanıram ki, dolu stadionun yaratdığı ab-hava Azərbaycanımızın təmsilçisinə əlavə güc verəcək. Həmin gün klub fərqi qoymadan hamımız “Sabah”ın yanında olmalıyıq. Ürəkdən arzu edirəm ki, azarkeşlərimiz həm avqustun 25-də, həm də 27-də Tofiq Bəhramov stadionunu tam doldursunlar. Qoy bu iki gecə Azərbaycan futbolunun bayramına çevrilsin. İnşallah, Azərbaycanımız iki gün ardıcıl böyük sevinc yaşasın və hər iki klubumuz avrokubokların liqa mərhələsinə vəsiqə qazansın”.






