“İmişli”ni Türkiyə Superliqa klubuna dəyişdi! – “Qapımız həmişə ona açıqdı”

18.08.2026 13:53 205
Ölkə futbolu / Aktual
“İmişli” fevralda 18 yaşlı Nazim Hüseynovla imzaladığı 2,5 illik müqaviləyə dünən xitam verib. Hücumameyilli yarımmüdafiəçi premyer-liqanın ilk turunda, “İmişli”nin səfərdə “Araz-Naxçıvan”la heç-heçə etdiyi matçın (0:0) iştirak ərizəsində də yer almayıb.

İlk baxışdan belə təsəvvür yaranır ki, Aran təmsilçisinin gənc futbolçunun perspektivinə inamı qalmayıb. Bəs onda niyə Nazimlə fevralda uzunmüddətli – 2,5 illik müqavilə bağlamışdılar?

“Football-plus.az” məsələyə aydınlıq gətirmək üçün klubun icraçı direktoru Aqşin Mürsəlovla əlaqə saxlayıb:

“Nazim karyerasını Türkiyədə – “Çorum”da davam etdirmək istədiyini bildirdi. Biz isə ona mane olmadıq. Qapımız həmişə ona açıqdı. İstedadlı gənc olduğuna inanırıq. Gələcəkdə ölkə futboluna xeyir verəcəyinə əminik”.

İSRAYIL XEYRULLAYEV