Bölgə klubu fəaliyyətini dayandırmaq təhlükəsi ilə üz-üzə! - "Möcüzə gözləyirik"

18.08.2026 11:13 23
Aktual / Ölkə futbolu
"Araz Saatlı" fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşib. Düzdü, mətbuatda klubun artıq bu yöndə qəti qərar verdiyi, yəni varlığına son qoyduğu haqda iddialar dərc edilib  Lakin həmin bilgilər həqiqəti tam əks etdirmir.

Xatırladaq ki, ötən mövsüm 2-ci liqada çıxış edən bölgə təmsilçisi uğursuz nəticələr üzündən "futbol ili"ni 12-ci - sonuncu sırada başa vurdu və yarışı tərk etdi. Belədə komandanın mübarizəyə Region Liqasında davam edəcəyi gözlənilirdi. Lakin maliyyə problemlərinin artması, maddi köməyin olmaması klubun fəaliyyətini davam etdirməsi ehtimalını böyük ölçüdə azaldıb. Nəticədə Saatlı təmsilçisinin yarışın yeni mövsümündə iştirak edib-etməyəcəyi sual altına düşüb. Söhbət yeni ortaya çıxan problemdən getmir. Digər aşağı liqa təmsilçiləri kimi "Araz Saatlı" da daim maliyyə sıxıntılarıyla mübarizə aparmaq məcburiyyətində qalıb. Ancaq ötən mövsüm qeydə alınan uğursuz nəticələr, qayda pozuntularına görə AFFA İntizam Komitəsinin tətbiq etdiyi cərimə və sanksiyalar durumu daha pis hala salıb. Bəs, vəziyyətdən çıxış yolu varmı? Klubda sponsor tapmaq məqsədilə işlər görülürmü?

Bu suallarla "Araz Saatlı"nın prezidenti Ədalət Abdullayevə müraciət etdik:

"Fəaliyyətimizi tam dayandırmamışıq. Möcüzə gözləyirik. Son ana qədər ümidimizi itirmək istəmirik. Cəlbedici sponsorluq təklifi olacağı halda, işimizə davam etmək niyyətindəyik. Komanda ilə əməkdaşlıq etmək istəyənlər üçün qapılarımız açıqdı. Onsuz da Region Liqası digər çempionatlarla müqayisədə gec başlayır. Bununla belə, bölgələrdə olan klublarda vəziyyət ürəkaçan deyil. Mövsümlərarası fasilədə gördük ki, bəziləri satıldı, adları dəyişdi. AFFA-nın prezidenti Rövşən Nəcəfin təbirincə desək, klub təsərrüfatını inkişaf etdirmək üçün əlverişli şərait yoxdu. Bu üzdən futbol ekosistemi təhlükə altındadı. Hər halda, hələ gözləmə mövqeyindəyik. Görək bizim bəxtimizə nə çıxacaq?"

KƏNAN BAHADIR 

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul