Türkiyə kuboku ''Trabzonspor''un oldu

23.05.2026 12:56 44
Dünya futbolu
Türkiyə kubokunda final matçı keçirildi. Antalya şəhərindəki finalda ''Trabzonspor''la ''Konyaspor'' üz-üzə gəldi.

Əvvəlki mərhələlərdə ''Fənərbaxça'' ilə ''Beşiktaş''ı mübarizədən kənarlaşdırmaqla diqqət çəkən ''Konyaspor''un daha bir sürprizə gücü çatmadı. Qaradənizlilərin əsas qol silahı Paul Onuaçu bu matça da damğa vurdu. Onun 18-ci dəqiqədə vurduğu qola ikinci hissənin əvvəllərində Muleka cavab verdi. Amma 22 qolla superliqanın bombardiri olmuş Onuaçu 79-cu dəqiqədə penaltini dəqiq yerinə yetirməklə həm dublunu rəsmiləşdirdi, həm də komandasına qələbə qazandırdı. Görüşün antiqəhrəmanı isə Enis Bardi oldu. ''Konyaspor''un təcrübəli makedoniyalı üzvü 58-ci dəqiqədə hesab 1:1 olarkən penaltini boşa verdi. Onun zərbəsi dirəyə tuş gəldi.

Beləliklə, ''Trabzonspor'' bu turnirdə tarixinin yubiley - 10-cu zəfərini əldə etdi. Son iki mövsümdə finallarda uduzan ''bordo-mavililər'' sonuncu dəfə 2020-də kubokun sahibi olmuşdu. Ötən ilin martından komandanın başında olan Fatih Təkkə məşqçi karyerasının ilk titulunu qazandı. 16 ayrı komandanın qalib olduğu ölkə kubokunda rekord ''Qalatasaray''a məxsusdu. ''Cim-Bom'' bu turniri 19, ''Beşiktaş'' 11, ''Fənərbaxça'' 7 dəfə qazanıb. ''Konyaspor'' isə tarixində ikinci dəfə finalda oynadı və ilk dəfə uduzdu. Bu kollektiv 2017-dəki finalda penaltilər seriyasında ''İstanbul BŞ''dən üstün olmuşdu.

Bu nəticə ilə həm də mövsümü 5-ci pillədə bitirən ''İstanbul BŞ''nin avrokuboklara vəsiqə qazanması rəsmən təsdiqləndi. Başakşəhərlilər Konfrans Liqasında mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaqlar.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul